Novruz Məmmədov 2018–2019-cu illərdə Azərbaycanın Baş naziri kimi fəaliyyət göstərmişdir. Onun fəaliyyəti əsasən Prezident administrasiyasında uzun illər işləməsi fonunda qiymətləndirilsə də, baş nazir kimi fəaliyyəti bir sıra ekspertlər və müşahidəçilər tərəfindən passiv və zəif hesab edilmişdir.
Novruz Məmmədovun baş nazir kimi ən çox tənqid olunan tərəfi onun aktiv idarəçi kimi görünməməsi idi. İcraedici hakimiyyətdə passivlik və təşəbbüssüzlüyün bariz nümunəsinə çevrilmişdi. O, daha çox Prezident Administrasiyasından gələn qərarların icraçısı kimi çıxış edirdi. Müstəqil təşəbbüslər və yeni idarəetmə yanaşmaları ilə yadda qalmadı. Nazirlər Kabinetinin fəaliyyətində ciddi struktur dəyişikliklər müşahidə olunmadı. Bu isə onun timsalında baş nazir institutunun real siyasi çəkisinin zəif olduğunu göstərirdi.
2018–2019- cu illər Azərbaycanda iqtisadi islahatların davam etdiyi dövr olsa da, baş nazir kimi Novruz Məmmədovun iqtisadi islahatların dərinləşdirilməsində rolu çox zəif idi. Bu islahatların əsas təşəbbüskarı Prezident İlham Əliyev idi. Baş nazir kimi Novruz Məmmədov bu prosesdə koordinator və lider rolunda görünmədi. Ən başlıcası struktur iqtisadi problemlərin (monopoliya, qeyri-neft sektorunun zəifliyi və s.) həllində ciddi irəliləyiş olmadı. Rəsmi hesabatlarda müəyyən makroiqtisadi sabitlik qeyd olunsa da , bu daha çox ümumi dövlət siyasətinin nəticəsi idi, konkret olaraq baş nazirin fərdi rolu ön plana çıxmırdı.
Novruz Məmmədovun baş nazir olduğu müddətdə sosial problemlərin həllində yetərsiz effektivlik özünü göstərmişdir. Həmin illərdə əhalinin real gəlirlərinin aşağı olması, regionlarda işsizlik və sosial bərabərsizlik, kredit borcları və bank sektoru ilə bağlı narazılıqlar kimi problemlər mövcud idi. Bu problemlərə Baş nazir səviyyəsində sistemli və uzunmüddətli yanaşma formalaşdırılmadı.
Sosial siyasətdə əsas qərarlar yenə də Prezident səviyyəsində qəbul edilirdi.
2018-ci ildə Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş enerji qəzası ölkədə ciddi problemlər yaratdı. Elektrik enerjisinin kəsilməsi geniş əraziləri əhatə etdi. Hadisə ölkənin enerji sistemində ciddi çatışmazlıqları üzə çıxardı. Bu böhran göstərdi ki, hökumətin preventiv idarəetmə mexanizmləri zəifdir. Baş nazir səviyyəsində operativ və sistemli böhran idarəçiliyi yetərli deyil.
Baş nazir kimi Novruz Məmmədov ictimai kommunikasiya və şəffaflıq problemlərini də yaşayırdı. KİV və ictimaiyyət qarşısında aktiv çıxış edən lider kimi tanınmırdı. Hökumətin fəaliyyəti barədə ictimai kommunikasiya zəif idi. Şəffaflıq və hesabatlılıq səviyyəsi aşağı olaraq qalırdı. Bu isə cəmiyyətlə hökumət arasında məsafəni artırırdı. İctimai etimadın güclənməsinə mane olurdu.
Novruz Məmmədov kadr siyasətində yenilənmənin zəifliyi ilə də yadda qalıb. Onun dövründə hökumətdə ciddi kadr islahatları aparılmadı. Köhnə idarəetmə sistemi əsasən saxlanıldı. Gənc və yeni texnokrat kadrların irəli çəkilməsi zəif oldu. Bu isə idarəetmədə innovasiya və çeviklik çatışmazlığı yaradırdı.
Novruz Məmmədov qısa müddətli və nəticəsiz mandat daşıdı. Onun baş nazirliyi cəmi təxminən 1 il 5 ay davam etdi. 2019-cu ildə vəzifədən azad edildi və yerinə Əli Əsədov təyin olundu. Bu fakt özü də göstərir ki Novruz Məmmədovun fəaliyyəti strateji baxımdan uğurlu hesab edilmədi. Daha dinamik idarəetmə modelinə ehtiyac yarandı.
Ədalət Abdinov

_(2014).jpg)
0 Комментарии