Recents in Beach

Sovet və burjua deputatları


Azərbaycan tarixində parlamentçilik ənənəsinin ən düzgün yolu sovet dövründə formalaşıb. Azərbaycan SSR Ali Soveti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında deputatların seçilməsi, fəaliyyəti, statusu, əməkhaqqı və imtiyazları baxımından çox ciddi fərqlər mövcuddur. Bu fərqlər əsasən dövlət quruluşunun mahiyyətindən - sosializmdən kapitalizmə keçiddən qaynaqlanır.

Sovet hakimiyyəti dövründə deputat seçkiləri üçün namizədlər əsasən Kommunist Partiyası tərəfindən müəyyən edilirdi. Xalq öz partiyasına haqlı olaraq ürəkdən inanırdı. Xalq-dövlət-partiya birliyi çox möhkəm idi. Tək namizədli seçki dairələrin üstünlük təşkil etməsi, seçicilərin real seçimi, seçkilərin siyasi legitimliyi xalqın iradəsini əks edirdi. Ona görə də seçkilər yüksək iştirak faizi ilə keçirilirdi. Kapitalizmə məxsus siyasi rəqabət oyunbazlığına ehtiyac yox idi.
Seçki sisteminə "çoxpartiyalı və rəqabətli xarakter" verilməsi burjua hakimiyyətinin mənafeyinə xidmətdən irəli gəlir. Bir dairədən bir neçə namizəd iştirak edir. Bu namizədlər də çox vaxt rəqabət yaratmaq bəhanəsi ilə öz adamları olur. Guya ki, müxtəlif siyasi partiyalar və müstəqil namizədlər yarışır. Bir sözlə, deputatların ümumxalq səsverməsi Mərkəzi Seçki Komissiyası tərəfindən şouya çevrilir.
Sovet dövründə deputatların əsas funksiyası qanunvericilik fəaliyyətində iştirak etmək idi. Onlar qanunvericilik təşəbbüsünə, təsdiqləyici rola malik idilər. Sessiyalar ehtiyac olanda keçirilirdi.
Sovet deputatları yalnız qanunverici deyil, həm də cəmiyyətlə dövlət arasında körpü rolunu oynayan mühüm siyasi subyektlər idi.
Kapitalizmdə elə rəy yaradılır ki, guya burjua parlamentində deputatlar daha geniş səlahiyyətlərə malikdirlər. Onlar qanun layihələri hazırlayır və təqdim edir, dövlət büdcəsini təsdiqləyir, hökumətin fəaliyyətinə nəzarət edir və beynəlxalq əlaqələrdə iştirak edirlər. Bu fəaliyyətlər burjua parlamenti çərçivəsində həyata keçirilir və guya ki, real siyasi təsir imkanları mövcuddur. Əslində onlar hakim qüvvənin göstərişlərini yerinə yetirirlər.
Sovet deputatları real olaraq “xalq nümayəndəsi” statusu daşıyırdılar. Hüquqi toxunulmazlıq hüququna malik idilər. Gerçək siyasi müstəqillikləri var idi. Çünki onların təmsil etdikləri hakim partiya intizamı var idi.
Sovet dövründə deputatlıq əsas iş sayılmırdı. Deputatlar başqa sahələrdə işləyir, deputat fəaliyyəti isə ictimai əsaslarla həyata keçirilirdi. Onların deputatlıq maaşı alıb, dövlət büdcəsinə ziyan vurmurdular. Heç buna ehtiyac da yox idi. Əsas gəlir deputatın əsas iş yerindən gəlirdi. Maddi təminatları normal idi.
Burjua parlamentində deputatlıq guya ki, peşəkar fəaliyyət hesab olunur. Deputatlar dövlət büdcəsindən yüksək rəqəmli maaş alır. Maaş və əlavə təminatlar qanunla tənzimlənir. Sosial təminat və pensiya hüquqları mövcuddur.
Bütün bunlar azmış burjua parlamentinin deputatlarına xidməti avtomobil, köməkçi heyət, ezamiyyət və beynəlxalq səfər imkanları,
toxunulmazlıq və hüquqi müdafiə, müxtəlif sosial paketlər verilir. Yəni burjua parlamenti xalqdan öncə ilk növbədə öz şəxsi mənafeyi üçün çalışır.
Seçiciyə 220 manat sosial pensiya verilir, burjua parlamentinin deputatına isə 10 min manata qədər maaş verilir. Yəni sosial ədalət adlı norma elə həmin burjua deputatları tərəfindən çox rahat tapdalanır. Müəyyən simvolik imtiyazlara malik sovet deputatları bu haqsız, yaramaz münasibəti heç vaxt qəbul etməzdilər.
Sovet deputatları ilə burjua parlamentinin deputatları arasındakı əsas fərq onların fəaliyyət müstəqilliyi və demokratik legitimliyindədir. Burjua parlamentinin deputatları daha çox formal və simvolik rol oynayırlarsa, sovet deputatları dövlət idarəçiliyində real təsir gücünə malik siyasi fiqurları idi. Çünki onların hamısı dünyanın ən güclü siyasi qüvvəsini - Sovet İttifaqı Kommunist Partiyasını təmsil edirdilər.
Bu müqayisə göstərir ki, Azərbaycanın siyasi sistemi zəhmətkeşlərin, fəhlə və kəndlilərin, işıqlı ziyalıların hakim olduğu sovet modelindən burjua idarəetmə sisteminə doğru transformasiya keçirmişdir. Mənim də bir seçici kimi narazı qaldığım bu günkü deputat institutu da bu mənfi dəyişikliklərin əsas göstəricilərindən biridir.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии