Recents in Beach

Opportunizm – faşizmə qapı açan keşikçi

Burjua vətənpərvərliyi bu gün fəhlə-kommunist hərəkatının əsas düşməni və burjuaziyanın əlində olan ən ciddi kozırdır.

Çox vaxt insanlar özlərini kommunist, fəhlə sinfinin və sosializmin müdafiəçisi adlandırır, kommunist təliminin xüsusi mülkiyyətin ləğvi, fəhlə sinfinin diktaturası və proletar beynəlmiləlçiliyi kimi müddəaları ilə sözlə razılaşırlar.

Lakin söhbət “vətənin müdafiəsi”ndən, proletar beynəlmiləlçiliyi ilə burjua vətənpərvərliyi arasında seçim etmək zərurətindən gedəndə, həmin insanlar dərhal özlərini millətçi, şovinist, imperiya tərəfdarı, burjua vətənpərvəri kimi göstərirlər – yalnız kommunist və fəhlə sinfinin nümayəndəsi kimi yox.

Onlar burjua ideoloqlarının ümumi xoruna qoşulur və onlarla birlikdə “vətənin müdafiəsi”nə, yəni öz milli burjuaziyalarının mənafelərinin müdafiəsinə çağırmağa başlayırlar. Sosializm haqqında danışdıqdan, özlərini fəhlə sinfinin müdafiəçisi kimi göstərdikdən sonra sonda yenə də öz burjuaziyalarının tərəfində dayanır, fəhlə sinfinə xəyanət edirlər.

Bizi vətən xaini adlandıraraq, öz şovinizmlərinə bəraət qazandıraraq və proletar beynəlmiləlçiliyi ilə mübarizə apararaq onlar tez-tez belə bir arqument gətirirlər: guya Hitlerin ordusunda da proletarlar var idi – bəs nə üçün onlar Sovet İttifaqına, öz sinfi qardaşlarına qarşı vuruşurdular? Onların proletar beynəlmiləlçiliyi harada idi?

Özünü kommunizm tərəfdarı hesab edən bir şəxsin belə bir iradı buna nümunədir:

“Bəli, xatırladım ki, Üçüncü Reyxin ordusu demək olar ki, tamamilə fəhlələrdən ibarət idi. Burjua təbəqəsi, təbii ki, öz oğullarını cəbhədən yayındırırdı. Amma bəzi fəhlələr qarət etməyə və öldürməyə də həvəsli idilər. Üstəlik, fürer onlara vəd etmişdi ki, qələbədən sonra Şərqdən gətirilən ucuz qul əməyinin hesabına özləri də burjuaya çevriləcəklər.”

Bu nümunə tez-tez proletar beynəlmiləlçiliyinə qarşı arqument və burjua vətənpərvərliyinin müdafiəsi kimi gətirildiyindən, bu suala cavab verməyə çalışaq.

Beləliklə, nə üçün alman proletarları Sovet İttifaqına – fəhlə sinfinin dövlətinə qarşı işğalçı müharibəni kütləvi şəkildə dəstəklədilər? Nə üçün öz imperialistlərinin çağırışı ilə sovet zəhmətkeşlərini əsarət altına almağa, öldürməyə və qarət etməyə getdilər? Nə üçün bu müharibədə onlar öz sinfi düşmənləri olan burjuaziyanın alətinə çevrilərək öz zəhmətkeş qardaşlarına qarşı çıxış etdilər? Başqa sözlə, alman proletarları nə üçün faşistləşdilər?

Cavab budur: bu yaxınlara qədər Qarabağ münaqişəsində erməni və azərbaycanlı proletarlarının burjuaziyanın əmri ilə bir-birini öldürməsinin səbəbi nədirsə, alman proletarlarının da səbəbi həmin idi. Onlar öz düşmənləri olan kapitalistlərin hakimiyyətindən birgə qurtulmaq əvəzinə bir-birlərini məhv edirlər. Bu ona görə baş verir ki, ortada həqiqi kommunistlər yoxdur. Fəhlə kütlələrini proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə etməli, onları birliyə və həmrəyliyə çağırmalı, hər cür millətçilik və şovinizmi ifşa etməli olan qüvvələr yoxdur.

Məhz buna görə Almaniyada faşizm kimi bir hadisə mümkün oldu. Bu, ona görə baş verdi ki, burjuaziyanın siyasətini ifşa edəcək, “vətənin müdafiəsi” şüarlarının saxtalığını göstərəcək, fəhlələrə hər cür şovinizmin onlara düşmən olduğunu izah edəcək həqiqi fəhlə sinfi müdafiəçiləri yox idi.

Bu işi görməli olanlar, özlərini fəhlə sinfinin maraqlarının müdafiəçisi elan edən Alman sosial-demokratları isə hələ Birinci Dünya müharibəsi dövründə şovinizm və öz milli burjuaziyalarına xidmət yoluna qədəm qoymuş, fəhlə sinfinə xəyanət etmişdilər. Onlar alman fəhlələrinə göstərməli idilər ki, burjuaziya onları qırğına sürükləyir, onların əlləri ilə yeni torpaqları ələ keçirmək və yeni xalqları əsarət altına almaq istəyir. Lakin bunun əvəzinə onlar “vətənin müdafiəsi”nə çağırırdılar. Faktiki olaraq alman fəhlələrini öz burjuaziyalarının talançı maraqları naminə rus, ingilis və fransız fəhlələrini öldürməyə səsləyirdilər.

Bu, taleyüklü bir məqam idi. Fəhlələrin birliyi ağır sınaq qarşısında idi. Bütün ölkələrin burjuaziyası vəhşi şovinist isteriyanı qızışdırır, zəhmətkeşləri bir-birinə qarşı qoyurdu. Həqiqi fəhlə sinfi müdafiəçilərinin borcu isə belə bir anda ardıcıl beynəlmiləlçi olaraq qalmaq və proletar beynəlmiləlçiliyini, fəhlə sinfinin birliyini daha qətiyyətlə müdafiə etmək idi.

Leninin rəhbərliyi altında rus bolşevikləri bu borcu yerinə yetirdilər. Onlar müharibənin imperialist xarakterini və çarizmin, eləcə də rus sənayeçilərinin talançı niyyətlərini ardıcıl şəkildə ifşa edirdilər. Məhz buna görə rus proletarlarının böyük əksəriyyəti şovinizm və millətçilik xəstəliyinə tutulmadı. Bu, sonradan çarizmə və Kerenskinin burjua hökumətinə qarşı mübarizədə, Fevral və Oktyabr inqilablarının qələbəsində mühüm rol oynadı.

Lakin bir zamanlar Avropanın ən şöhrətli və döyüşkən fəhlə partiyası olan, Marksın irsini daşıyan Alman Sosial-Demokrat Partiyası opportunizm və sosial-şovinizm yoluna qədəm qoyaraq fəhlə sinfinə xəyanət etdi.

Əgər alman proletariatının etibar etdiyi rəhbərlər özləri burjuaziya ilə birlikdə şovinizmi qızışdırır, onu qırğına çağırır, “vətənin müdafiəsi” şüarı ilə aldadırdılarsa, onda fəhlələrin buna inanmaması, şovinist əhvali-ruhiyyəyə qapılmaması və imperialistlərin itaətkar alətinə çevrilməməsi necə mümkün ola bilərdi?

Lenin dəfələrlə bu barədə yazmış, alman sosial-demokratlarını opportunist, alçaq və fəhlə sinfinin xainləri kimi damğalamışdı.

Məhz həmin illərdə faşizmin əsası qoyuldu. Alman imperialist burjuaziyası proletariatı şovinizm və millətçiliklə zəhərləyir, onu “milli birlik”ə (yəni öz hakimiyyəti ilə barışmağa) çağırırdı. Xəyanətkar sosial-demokratlar isə buna mane olmur, əksinə, fəhlə sinfini aldatmaqda ona kömək edirdilər. Sonradan belə bir zəminə faşizm toxumlarını səpmək çox asan oldu. Şovinizmlə zəhərlənmiş və “milli birlik” şüarı ilə aldadılmış fəhlələrə “korporativ dövlət”, alman millətinin üstünlüyü, irqi təmizlik və ari irqinin dünya hökmranlığı hüququ ideyalarını aşılamaq çətin olmadı.

Alman sosial-demokratlarının opportunizmi faşizmə qapıları açdı. Həm o zaman, həm də sonralar məhz opportunizm və sosial-şovinizm, fəhlə rəhbərlərinin xəyanəti və onların burjuaziyanın tərəfinə keçməsi fəhlə kütlələrinin faşistləşdirilməsini mümkün etdi. Opportunizm olmadan faşizm fəhlə kütlələri üzərində hakimiyyət qura bilməz. Buna görə də opportunizm faşizmə qapı açan keşikçidir.

Bundan hansı nəticə çıxarmalıyıq? Müasir sosial-şovinistlərin iddia etdiyi kimi, proletar beynəlmiləlçiliyindən imtina etməliyikmi?

Əksinə! Əgər alman proletarlarının faşistləşməsinə alman sosial-demokratlarının sosial-şovinizmi və proletar beynəlmiləlçiliyindən imtinası səbəb olmuşdursa, onda faşizmin qarşısını almaq üçün biz hər zaman və hər sahədə proletar beynəlmiləlçiliyi mövqeyində qətiyyətlə dayanmalıyıq. İndiki kimi, fəhlə sinfinin birliyinin ağır sınaq qarşısında qaldığı, burjuaziya və onun xidmətçilərinin ruslarla ukraynalıları, Ermənistan və Azərbaycan zəhmətkeşlərini bir-birinə qarşı qoyduğu dövrlərdə kommunistlərin borcu proletar beynəlmiləlçiliyindən bir addım belə geri çəkilməməkdir.

Biz kommunistlər hər cür şovinizm və millətçiliyə qarşı çıxmalıyıq. Özlərini fəhlə sinfinin müdafiəçisi kimi göstərərək fəhlələri milli burjuaziyalarının maraqları uğrunda müharibəyə çağıran bütün sosial-şovinistləri ifşa etməliyik. Ən əvvəl isə öz ölkəmizdəki sosial-şovinistləri.

Əgər bütün ölkələrin kommunistləri öz beynəlmiləl borclarını yerinə yetirsələr, burjuaziya fəhlə sinfinin birliyini poza, fəhlələri bir-birinə qarşı qoya bilməz.

Deməli, hər şey bizdən asılıdır. Leninin və bolşeviklərin yolu ilə gedərək proletar beynəlmiləlçiliyi uğrunda ardıcıl mübarizə aparacağıqmı, yoxsa alman sosial-demokratlarının rüsvayçı yoluna qədəm qoyaraq “vətənin müdafiəsi” şüarı altında fəhlələri müharibəyə, öz istismarçılarımızı və parazitlərimizi zənginləşdirmək naminə qardaşlarını öldürməyə çağıracağıqmı?

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии