Putinin təbliğatçıları, onun süfrəsindən tökülən cüzi qırıntılarla dolananlar son vaxtlar onu Stalinlə müqayisə edərək deyirlər ki, guya "Putin Stalinin yolu ilə gedir". Bu iddia, əslində, acınacaqlı olmasaydı, gülünc görünərdi.
Stalin inqilabçı, kommunist, hakim çoxluğun – zəhmətkeş xalq kütlələrinin lideri idi. Putin isə antikommunistdir, oliqarxların (çox güman ki, özü də oliqarxdır) lideridir, yəni hakim azlığın nümayəndəsidir. Stalin dövründə də, Putin dövründə də Rusiyanın ətrafında qara buludların toplanması onları bir-birinə bənzətmir; bənzər olan yalnız Rusiyanın ətrafındakı geosiyasi vəziyyətdir.
Stalin 17 il ərzində ölkənin sənayeləşdirilməsini həyata keçirdi. SSRİ bütün Avropanın hərbi və iqtisadi potensialını özünə tabe etdirmiş Almaniyaya təkbaşına müqavimət göstərə bildi. Putin isə eyni müddətdə ölkədə deindustrializasiya siyasəti apardı, Rusiyanı Qərbin xammal əlavəsinə, yarımkoloniyasına çevirdi. Putinin hakimiyyəti dövründə Rusiyanın sənaye ixracının payı davamlı olaraq azalır (bu, mübahisə doğurmayan statistik göstəricidir), xammal ixracının payı isə daim artır.
SSRİ dövründə dövlət öz vətəndaşlarının qayğısına qalırdı. Putin dövründə isə (xalqını sonsuz sevdiyini bəyan etsə də), xəstə uşaqların müalicəsi üçün vəsaiti bütün xalq toplamaq məcburiyyətində qalır. Bu zaman Putin pulları ABŞ-ın qiymətli kağızlarına yatırır, öz vətəndaşlarını, o cümlədən uşaqları tibbi yardımdan məhrum edir, yerli sənayeni isə investisiyalardan məhrum qoyur.
Bütün bunları deməklə yanaşı, onu da nəzərə almaq lazımdır ki, Rusiya xalqının yaratdığı bütün müəssisələr, eləcə də neft və qaz daxil olmaqla bütün təbii sərvətlər qısa müddətdə Putinin və onun yaxın çevrəsinin nəzarətinə keçmişdir.
Əgər Stalin dövrün onun üzərinə qoyduğu ağır sınaqların öhdəsindən gəlmiş bir titan idisə, Putin adi bir insandır. Halbuki zaman ondan qeyri-adi addımlar tələb edir və o, mahiyyət etibarilə buna qadir deyil. Dəqiqliklə demək olar ki, Putinlə (və kapitalizmlə) Rusiyanın və Rusiya xalqının gələcəyi yoxdur.
Ədalət Abdinov


0 Комментарии