Recents in Beach

POLİS — KAPİTALIN ALƏTİ

Təhlükəsizlik hissi yalnız təhlükə ilə üzləşdikdə dəyərini anladığımız şeylərdən biridir. Bizi müxtəlif təhdidlərdən qorumaq üçün dövlətin bir sıra xidmətləri və qurumları mövcuddur. Ən azı məktəbdən başlayaraq bizə məhz bunu təlqin etməyə çalışırlar. Gəlin, polisin fəaliyyətinə nəzər salaq və onun əslində kimi və nədən qoruduğunu araşdıraq.

Polis dövlət xidmətlərindən biridir və onun vəzifəsi qanunların icrasını təmin etmək, qanun pozuntusu baş verdikdə isə pozuntu törədən şəxsə qarşı müəyyən tədbirlər görməkdir. İddia olunur ki, zor tətbiq etmək inhisarı yalnız polisə (və bəzi digər güc strukturlarına) məxsusdur. Bununla yanaşı, burjua ziyalıları (alimlər, KİV, “ekspertlər” və s.) həmişə polisin mahiyyətini ən ümumi ifadələrin arxasında gizlətməyə çalışırlar. Onlar deyirlər ki, “polis qanunlara riayət olunmasını, ictimai asayişi və cəmiyyətin özünü qorumaq məqsədilə dövlət tərəfindən yaradılmış və səlahiyyət verilmiş şəxslərdən ibarət orqandır”.

Bu tərifin birinci səhvi ondadır ki, o, “asayişə” nəzarət edən xüsusi struktur kimi polisin yaranma tarixini düzgün əks etdirmir. Polis funksiyası dövlətin ən qədim funksiyalarından biridir və hələ qədim Afina dövlətində meydana gəlmişdir. K. Marks yazırdı: “... ictimai hakimiyyət əvvəlcə yalnız polis şəklində mövcud idi və polis dövlət qədər qədimdir...” (K. Marks və F. Engels, Əsərlər, 2-ci nəşr, c. 21, s. 118).

Bu funksiya ümumiyyətlə dövlət quruluşunun yaranmasının ilkin mərhələsində mövcud olduğuna görə, “asayiş”, yaxud müasir dillə desək, “ictimai asayiş və cəmiyyət” anlayışlarının əslində nə demək olduğu sualı ortaya çıxır. Bu asayişin mahiyyəti nədən ibarətdir?

Burada ümumi təriflərin ikinci problemi ilə qarşılaşırıq: polisin sinfi mahiyyəti göstərilmir, yəni onun məhz hansı cəmiyyəti və kimin maraqlarını qoruduğu aydın olmur. Müasir dövrdən danışsaq, polis kapitalist “nizamı”, kapitalist dövləti və insanın insan tərəfindən istismarına əsaslanan münasibətləri qorumağa xidmət edir.

Formal olaraq polis birbaşa kapitalistlərə tabe deyil. Yəni, məsələn, Bill Qeyts, İlon Maks və ya işlədiyiniz şirkətin sahibi polis əməkdaşına yaxınlaşıb sizi həbs etməyi əmr edə bilməz. Bəs, polis kimə tabedir? Polis dövlətə tabedir. Dövlət isə marksist nəzəriyyəyə və gündəlik həyata görə hakim sinfin istismar olunan kütlələri ram etmək və öz imtiyazlı mövqeyini qorumaq üçün istifadə etdiyi alətdir.

Kapitalist sinfin maraqları əhalinin böyük əksəriyyətinin maraqları ilə kəskin ziddiyyət təşkil etdiyindən, burjuaziya dövlətin sinfi xarakterini hər vasitə ilə gizlətməyə çalışır. O, dövləti guya siniflərdən üstün, ümumxalq dövləti, “xalis demokratiya” dövləti kimi təqdim edir. Əslində isə burjua “azadlığı” kapitalın başqasının əməyini istismar etmək azadlığıdır. Burjua “bərabərliyi” isə istismarçı ilə istismar olunan, tox ilə ac, istehsal vasitələrinin sahibi ilə yalnız öz əmək qabiliyyətinə malik proletar arasında mövcud olan real bərabərsizliyi gizlədən aldatmacadır.

Dövlətin burjua xarakterinə nümunə kimi milyarder İlon Maskın ABŞ prezidentliyinə namizəd olan Donald Trumpın mitinqində çıxışını göstərmək olar. Mask mediada dəstək verməklə yanaşı, maliyyə məsələlərini də unutmur. "New York Times" qəzetinin məlumatına görə, “İlon Maskın ən yaxın dostlarından bəziləri” Trampın kampaniyasını maliyyələşdirirlər. Bu da təəccüblü deyil, çünki Mask ABŞ büdcəsindən milyardlarla dollar subsidiya almışdır.

Kapitalist sinif öz sinfi iradəsini və maraqlarını qanunlar vasitəsilə də həyata keçirir. Məhz qanunlar mövcud vəziyyəti rəsmiləşdirir və möhkəmləndirməyə çalışır; elə bir vəziyyəti ki, 2015-ci ildən etibarən dünyanın ən varlı 1%-i planetin qalan hissəsindən daha çox sərvətə sahibdir.

Hüquq “... hüquq normalarına əməl olunmasını məcbur edə bilən aparat olmadan heç nədir” (V. İ. Lenin, Tam Əsərlər Toplusu, 5-ci nəşr, c. 33, s. 99). Burjua hüququnun normalarına əməl olunmasını məhz polis təmin edir. Bu hüquq isə kapitalistlər üçün sərfəlidir və əhalinin əksəriyyətini təşkil edən fəhlələrin istismar olunması hüququnu möhkəmləndirir.

Yuxarıda deyilənlərdən çıxış edərək, polisi istismarçı dövlətlərdə nəzarət və məcburetmə orqanları sistemi, habelə mövcud ictimai quruluşu gizli və ya açıq şəkildə basqı yolu ilə qoruyan cəza xarakterli daxili qoşunlar kimi müəyyən etmək olar.

Bunu gündəlik təcrübədə də müşahidə etmək mümkündür.

Nümunələr:

  • İsrailin Fələstinə qarşı hərbi əməliyyatlarını pisləyən fəallar gözlənilməz nəticə ilə qarşılaşdıqlarını bildirərək hökumət, xarici özəl silah istehsalçısı, kral təhlükəsizlik xidməti, baş prokurorluq və polis arasında “sövdələşmə” olduğunu iddia etmişlər.

  • Barselonada etirazçılar bəyan edirdilər ki, “dünyanın hər yerindən daşınmaz əmlak bazarının nümayəndələri illərlə bizi yoxsulluğa sürükləyən, evlərimizdən çıxaran və ətraf mühiti dağıdan talan və sərvət toplama mexanizmini daha da dərinləşdirmək üçün bir araya gəlirlər”. Lakin tikinti şirkətlərinin sərgisinin qarşısında etiraz etmələrinə polis kordonu mane olmuşdur.

  • İspaniyada fermer etirazları zamanı traktorçular polis mühasirəsini yararaq inzibati binaya daxil olmuş, deputatların onların tələblərini şəxsən dinləməsini və məhkəməyə təqdim etməsini tələb etmişlər. Etirazçılar hətta polisi xəndəyə atmaqla hədələmişdilər.

Bu kimi xəbərlərdən əlavə, burjua polisi mütəmadi olaraq etiraz aksiyalarını dağıdır və bunu burjua “ictimai asayişinin” pozulması ilə əsaslandırır. Fəhlələr zavodları blokadaya aldıqda, blokadanın aradan qaldırılması üçün polis və ya xüsusi təyinatlı qüvvələr göndərilir. Bütün ciddi sinfi qarşıdurmalarda polis öz rolunu oynayır — fəhlə sinfinin düşməni rolunu. O, mücərrəd “ictimai asayişi” deyil, məhz kapitalistlərin maraqlarını müdafiə edir.

Digər mühüm məqam isə polisin zor tətbiqi üzərində inhisara malik olması barədə mifdir. Əgər siz Avropada hökumət əleyhinə aksiyalarda iştirak etmisinizsə, silahsız insanlara xüsusi texnika, silah, su şırnaqları, gözyaşardıcı qaz və digər vasitələrlə təchiz olunmuş şəxslərin hücum etdiyini görüb belə düşünə bilərsiniz. Lakin polis yeganə qüvvə deyil.

Kapitalistlərin şəxsi mühafizə strukturları da vardır. Böyük şirkətlərdə həmişə təhlükəsizlik xidməti fəaliyyət göstərir və bu xidmət polis kimi eyni funksiyanı — burjuaziyanın sinfi maraqlarının qorunmasını yerinə yetirir. Sadəcə, bu mühafizə sistemi bütövlükdə burjuaziyanı deyil, onu maliyyələşdirən konkret kapitalistləri və onların konkret maraqlarını müdafiə edir.

Dövlət miqyasında zor tətbiqi məsələsinə gəldikdə isə, Afrika, Latın Amerikası və Meksikanın bəzi ölkələrində özəl mühafizə şirkətləri birbaşa polis funksiyalarını əvəz edirlər. İctimai təhlükəsizlik səviyyəsi aşağı olaraq qalsa da, şirkətlər və yerli kapitalistlər üçün lazımi təhlükəsizliyi məhz həmin özəl mühafizə strukturları təmin edir. Bundan başqa, kartellər və ya iri korporasiyalar nəzarət etdikləri ərazilərdə tez-tez dövlət funksiyalarını öz üzərlərinə götürürlər.

Bu hadisələrin baş verdiyi ölkələrin siyahısına baxdıqda onların ən firavan dövlətlər olmadığı görünür. Mənfəət norması bütün dünyada azalır, lakin kapital nəyin bahasına olursa-olsun artmalıdır. Buna görə də imperialist sistem asılı ölkələrdən getdikcə daha çox resurs sıxıb çıxarır və yerli kapitalistləri əhalinin vəziyyətini daha da ağırlaşdırmağa sövq edir. Onlar öz parazit istehlaklarından deyil, ictimai sərvətdə fəhlə sinfinin payını azaltmaq hesabına qənaət edirlər: təhsil, səhiyyə, mədəniyyət və indi gördüyümüz kimi, təhlükəsizlik sahələrinin maliyyələşdirilməsini azaldırlar.

Zor tətbiqinin məqsədəuyğunluğu məsələsi burada ayrıca müzakirə olunmur. Fəhlə sinfi kapitalistlərin mövqeyinə nə qədər çox təhlükə yaradırsa, polis də bir o qədər silahlandırılır və təchiz olunur, onun “ictimai asayişin pozulmasına” reaksiyası bir o qədər sərt olur.

Məsələn, ABŞ-da qaradərili bir kişinin saxlanılarkən həlak olmasından sonra Black Lives Matter hərəkatı yarandı. Sonradan kapitalistlər bu hərəkatı öz xeyirlərinə yönəltməyi bacardılar: sinfi maraqlar əvəzinə diqqət mərkəzinə irqi problemlər çəkildi. Nəticədə polis kapitalizmin müdafiəçisi kimi deyil, daha çox irqi münasibətlər və zor tətbiqi kontekstində tənqid olunmağa başladı.

Bütün bunlar o deməkdirmi ki, polis həqiqi cinayətkarları tutmur və cəmiyyəti qorumur? Burjua təbliğatı nə desə də, sözlər yalnız əməllərlə təsdiqləndikdə əhəmiyyət kəsb edir. Polis adi fəaliyyət rejimində cinayətkarlarla mübarizə aparır, kapitalist qanunlarının icrasını təmin etməyə çalışır və xırda qanun pozuntularına görə vətəndaşları cərimələyərək öz saxlanma xərclərinin bir hissəsini kompensasiya edir.

Lakin sinfi mübarizə kəskinləşdikdə və fəhlə sinfi öz maraqlarını müdafiə etməyə başladıqda, polis dərhal öz əsas funksiyasını açıq şəkildə yerinə yetirməyə başlayır. Belə məqamlarda o, “müdafiəçi” kimi deyil, birbaşa olaraq öz əhalisinin düşməni kimi çıxış edir. Polis kapitalın maraqlarını müdafiə edir, “ictimai asayişi qorumaq” funksiyasını deyil.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии