1991-ci il sentyabrın 8-də
Azərbaycanda keçirilmiş prezident seçkiləri ölkəmizin müasir siyasi tarixində
xüsusi yer tutur. Bu, prezident vəzifəsinə ümumxalq səsverməsi yolu ilə
keçirilmiş ilk seçki idi. Lakin seçkinin keçirildiyi siyasi şərait, namizəd
məsələsi və müxalifətin mövqeyi həmin seçkinin demokratik rəqabət baxımından
ciddi məhdudiyyətlərə malik olduğunu göstərirdi.
Seçki hansı şəraitdə
keçirilirdi?
1991-ci ilin yayında Sovet
İttifaqı artıq dərin siyasi böhran içərisində idi. Avqust çevrilişindən sonra
ittifaq dövlətinin dağılması prosesi sürətləndi. Azərbaycan da bu prosesin
içərisində müstəqilliyə doğru gedirdi.
30 avqust 1991-ci ildə
Azərbaycan parlamenti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktını qəbul etmişdi. Cəmi bir neçə gün sonar, sentyabrın 8-də prezident seçkiləri keçirildi.
Bu məqam mühümdür: seçki
keçirildiyi zaman Azərbaycan hələ 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini
elan etməmişdi. Deməli, sentyabrın 8-dəki seçkini hüquqi-siyasi baxımdan
bugünkü müstəqil Azərbaycan dövlətinin formalaşmasının artıq başa çatmış
mərhələsi kimi deyil, müstəqilliyə keçid dövrünün seçkisi kimi
qiymətləndirmək lazımdır.
Əsas problem: alternativ
namizəd yox idi
Seçkinin ən ciddi siyasi
xüsusiyyəti onun faktiki olaraq alternativsiz keçirilməsi idi. Prezident
postuna Ayaz Mütəllibov yeganə namizəd oldu. Əvvəlcə Zərdüşt Əlizadə də
prezidentliyə namizədliyini irəli sürmüşdü. Lakin seçkiyə az müddət qalmış
namizədliyini geri götürdü. Nəticədə seçici qarşısında iki və ya daha çox
siyasi proqram deyil, faktiki olaraq Mütəllibovun lehinə və əleyhinə
səs vermək seçimi qaldı.
Bu səbəbdən 1991-ci il
seçkisini klassik mənada rəqabətli prezident seçkisi adlandırmaq çətindir. Müxalifətin
namizəd irəli sürməsi üçün vaxt çox məhdud olmuşdu; seçki qanununun yalnız
iyunda dərc edilməsi və tələb olunan 20 min imzanın toplanması prosesi siyasi
rəqabəti çətinləşdirirdi.
Rəsmi nəticə
Rəsmi nəticələrə əsasən,
seçkidə iştirak 85,7 faiz təşkil etmişdi. Ayaz Mütəllibov 3 275 837 səs, yəni
98,5 faizdən çox səs topladı. 48 866 seçici isə onun əleyhinə səs verdi; 460
bülleten etibarsız sayıldı. Bu rəqəmlər ilk baxışda Mütəllibovun cəmiyyət
tərəfindən demək olar ki, yekdilliklə dəstəkləndiyini göstərir. Lakin burada mühüm bir siyasi-metodoloji
məqam var. 98,5 faiz səs rəqəmini avtomatik olaraq 98,5 faizlik siyasi
dəstək kimi qəbul etmək düzgün olmaz.
Çünki seçici qarşısında
real alternativ yox idi. Seçici Mütəllibovla başqa prezidentliyə namizəd
arasında seçim etmirdi. Faktiki olaraq “Mütəllibov — lehinə” və “Mütəllibov —
əleyhinə” variantları mövcud idi. Buna görə 98,5 faizlik nəticə daha çox mövcud
hakimiyyətin alternativsiz seçki şəraitində təsdiqlənməsi kimi təhlil
edilməlidir.
Xalq Cəbhəsinin seçkiyə
münasibəti
Azərbaycan Xalq Cəbhəsi
qarşısına hakimiyyətə gəlmək vəzifəsini qoymuş və məqsədinə çatmaq üçün ilk
gündən respublikada ara qarışdırmaqla məşğul idi. Onlar seçkikdə iştirak etmək
əvəzinə müxtəlif bəhanələrlə seçkini baykot etdilər. Bu fakt seçkinin siyasi legitimliyi
məsələsini daha da mürəkkəbləşdirirdi.
Bir tərəfdən, hakimiyyət
seçki keçirməklə prezident institutunu xalqın səsverməsi yolu ilə
legitimləşdirməyə çalışırdı. Digər tərəfdən, əsas müxalif siyasi qüvvə seçkidə
iştirak etməyərək onun legitimliyini şübhə altına alırdı. Beləliklə, 8 sentyabr
seçkilərinin nəticəsi hüquqi baxımdan prezident seçkisinin keçirilməsi,
siyasi baxımdan isə hakimiyyətlə müxalifət arasında legitimlik mübarizəsinin
başlanğıcı idi.
Nəticənin paradoksu
1991-ci il seçkilərinin ən
böyük paradokslarından biri budur: Ayaz Mütəllibov seçkidə 98,5 faizdən artıq
səs topladı, amma onun prezidentliyi cəmi bir neçə ay sonra ciddi siyasi
böhranla üzləşdi.
18 oktyabr 1991-ci ildə
Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Kommunist Partiyası isə
az sonra fəaliyyətini dayandırdı. Beləliklə, sentyabrın 8-də kommunist siyasi
sisteminin içərisində seçilmiş prezident artıq müstəqil Azərbaycan dövlətinin
başçısına çevrildi. Bu, Azərbaycanın
siyasi transformasiyasının nə qədər sürətli və ziddiyyətli olduğunu göstərir.
Demokratik seçki
baxımından qiymətləndirmə
1991-ci il seçkilərini iki
müxtəlif müstəvidə qiymətləndirmək lazımdır.
Birinci müstəvi —
tarixi əhəmiyyəti. Bu seçki Azərbaycan əhalisinin prezidentini ümumxalq səsverməsi yolu
ilə müəyyənləşdirməsi baxımından mühüm hadisə idi. Prezident institutu siyasi
sistemdə daha güclü konstitusion mövqe qazandı.
İkinci müstəvi —
demokratik rəqabət. Burada isə ciddi problemlər vardı. Seçkidə yalnız bir namizədin
qalması, əsas müxalif qüvvənin boykot mövqeyi və namizədlik üçün tətbiq edilən
qısa və mürəkkəb prosedurlar seçkinin rəqabətli xarakterini məhdudlaşdırırdı.
Ona görə də bu seçkini müasir mənada tam demokratik və alternativli
prezident seçkisi kimi təqdim etmək düzgün olmaz.
Əsas siyasi nəticə
1991-ci il 8 sentyabr
seçkiləri əslində sovet siyasi sisteminin son seçkilərindən biri ilə müstəqil
Azərbaycanın ilk siyasi seçkiləri arasında keçid xarakteri daşıyırdı. Onun ən
mühüm xüsusiyyəti də məhz budur: Azərbaycan siyasi baxımdan artıq
müstəqilliyə doğru gedirdi, lakin seçkinin siyasi mexanizmləri hələ sovet
siyasi sisteminin təsirindən tam çıxmamışdı.
Bu baxımdan 8 sentyabr 1991 seçkisini “tam demokratik seçki” və ya əksinə, yalnız “saxta seçki” kimi birtərəfli qiymətləndirməkdənsə, onu Azərbaycanın sovet siyasi modelindən müstəqil dövlət və rəqabətli siyasi sistemə keçidinin ziddiyyətli başlanğıcı kimi qəbul etmək daha elmi yanaşmadır.
Tarixi ironiya
Ən maraqlı məqam isə budur ki, seçkidə 98,5 faiz səs alaraq böyük siyasi
qələbə qazanan Ayaz Mütəllibov uzunmüddətli siyasi sabitlik yarada bilmədi. 1992-ci ilin əvvəlində
Qarabağ münaqişəsinin ağırlaşması, Xocalı faciəsi və hakimiyyətə qarşı daxili
siyasi təzyiqlər vəziyyəti kəskin dəyişdirdi. Mütəllibov 1992-ci ilin martında
istefa verdi. Beləliklə, 1991-ci ilin sentyabrında 98,5 faizlik seçki
qələbəsi ilə başlayan prezidentlik çox qısa müddətdə siyasi böhranla
nəticələndi.
Bu fakt bir daha göstərir ki, seçkidə əldə edilmiş yüksək faiz siyasi legitimliyin yeganə göstəricisi deyil. Demokratik legitimliyin davamlı olması üçün rəqabətli seçki, siyasi alternativ, azad siyasi mübarizə, müxalifətin hüquqları və cəmiyyətin müxtəlif siyasi mövqelərinin seçki prosesində təmsil olunması vacibdir.
Nəticə etibarilə, 8 sentyabr 1991-ci il seçkiləri Azərbaycanın tarixində həm ilk ümumxalq prezident seçkisi, həm də alternativsiz siyasi sistemin son parlaq nümunələrindən biri kimi qalır. Onun 98,5 faizlik nəticəsi isə xalqın yekdil siyasi iradəsindən daha çox, həmin dövrün siyasi sisteminin və seçki mexanizminin xüsusiyyətləri kontekstində təhlil edilməlidir.
Ədalət Abdinov


0 Комментарии