Tarixə XXI əsrin gözü ilə baxmaq
«Tiran Stalin! Onun dövründə hətta smartfon da yox idi!»
SSRİ-ni tənqid edənlərin bəzi arqumentlərinə baxanda adam istər-istəməz düşünür: keçmişi öz dövrünün reallıqları ilə qiymətləndirmək lazımdır, yoxsa XXI əsrin imkanları ilə?
Bu gün bəzi insanlar Sovet İttifaqını ona görə tənqid edirlər ki, onların uşaqlığında müasir oyuncaqlar, mobil telefonlar, fərdi kompüterlər, internet və başqa texnologiyalar olmayıb. Halbuki XX əsrdə dünyanın heç bir ölkəsində XXI əsrin texnologiyaları yox idi. XIX əsrdə də XX əsrin texnologiyaları mövcud deyildi.
Tarixi dövrün imkanlarını nəzərə almadan keçmişi bugünkü standartlarla ölçmək ciddi tarixi təhlil deyil.
Banan və naringi məsələsi
«İndi mağazalarda ilboyu banan və naringi var, sovet dövründə isə yox idi» — bu da həmin məntiqin başqa nümunəsidir.
Azərbaycan Afrika deyil və bu meyvələr Azərbaycanın xanlıqlar dövründə də əhalinin geniş təbəqəsi üçün əlçatan olmayıb. Gənc sovet dövlətinin qarşısında isə daha vacib problemlər dayanırdı: savadsızlığın aradan qaldırılması, sənayeləşmə, səhiyyə, təhsil, mənzil və ölkənin iqtisadi inkişafı.
Naringi istehsalının Zaqafqaziyada inkişaf etdirilməsi isə sovet dövrünün kənd təsərrüfatı siyasətinin nəticələrindən biri idi.
Deməli, məsələ bananın olub-olmamasında deyil, dövlətin hansı problemləri prioritet hesab etməsindədir.
Mənzil problemi
SSRİ-yə qarşı tez-tez səsləndirilən digər irad budur: «Sovet insanları kommunal mənzillərdə, kiçik mənzillərdə və daxmalarda yaşayırdılar». Bəs ondan əvvəl necə yaşayırdılar?
Bolşeviklər varlı və firavan ölkədə hakimiyyətə gəlməmişdilər. Kapitalist Azərbaycanında milyonlarla insan son dərəcə yoxsul şəraitdə yaşayır, kəndlərdə bir-iki otaqlı evlərdə bir neçə nəsil birlikdə məskunlaşır, şəhərlərdə isə yoxsulların bir hissəsi hətta zirzəmilərdə yaşayırdı.
Sovet hakimiyyətinin mənzil siyasətinin əsas nəticələrindən biri kütləvi yaşayış tikintisi oldu. Müharibədən sonra bu problem daha da kəskinləşsə də, sonrakı onilliklərdə milyonlarla ailə ayrıca mənzil aldı.
Bu mənzillər müasir standartlarla dəbdəbəli olmaya bilərdi. Amma əsas fərq bundan ibarət idi ki, mənzillər vətəndaşlara dövlət tərəfindən pulsuz verilirdi.
«1930-cu illərdə insanlar 40 yaşında ölürdülər»
Bu iddia da statistik göstəricinin mahiyyətini anlamamaqdan irəli gəlir. Orta ömür uzunluğunun 40 il olması insanların 40 yaşında öldüyü demək deyil. Bu göstəriciyə xüsusilə yüksək uşaq ölümü, epidemiyalar, müharibələr və səhiyyənin inkişaf səviyyəsi ciddi təsir göstərir.
Üstəlik, isismarçı kapitalist Azərbaycanında orta ömür uzunluğu daha aşağı idi. Sonrakı sovet onilliklərində səhiyyənin, peyvəndləmənin, sanitariyanın və tibbi xidmətin inkişafı nəticəsində bu göstərici əhəmiyyətli dərəcədə yüksəldi və SSRİ dövründə təxminən 70 il səviyyəsinə çatdı.
«SSRİ-də smartfon yox idi!»
Ən qəribə arqumentlərdən biri budur: «SSRİ-də mobil telefon yox idi, deməli, SSRİ pis idi». Bəs smartfonun, internetin və fərdi kompüterin hələ mövcud olmadığı bir dövrü bunların olmamasına görə necə mühakimə etmək olar? Texnologiyanın inkişafını siyasi sistemin üstünlüyünün və ya çatışmazlığının birbaşa göstəricisinə çevirmək sadəlövh yanaşmadır.
Belə düşüncə insanı absurd nəticələrə gətirib çıxarır: Stalin smartfondan istifadə etmirdi - deməli, Stalin pis idi; sovet vətəndaşının smartfonu yox idi - deməli, sovet sistemi pis idi.
Halbuki tarix belə qiymətləndirilmir.
Əsas problem nədir?
Əlbəttə, Sovet İttifaqının tarixində ciddi və faciəli hadisələr, siyasi repressiyalar, senzura, azadlıqların məhdudlaşdırılması və başqa problemlər olub. Bunları inkar etmək və ya gizlətmək olmaz. Lakin tənqid faktlara, statistikaya və tarixi kontekstə əsaslanmalıdır.
SSRİ-ni «smartfon yox idi», «banan az idi», «maşın az idi» kimi arqumentlərlə qiymətləndirmək tarixi təhlil yox, keçmişi bu günün məişət standartları ilə ölçməkdir.
İnsan heç nə bilməyə bilər. Bu, faciə deyil. Faciə odur ki, heç nə bilmədiyi halda özünü hər şeyi bilən hesab etsin və tarix haqqında hökm çıxarsın.
Tarix nə təbliğatdır, nə də nostalji. Tarix - faktların, səbəblərin və nəticələrin təhlilidir. Ona görə də keçmişə qiymət verərkən əvvəlcə özümüzdən soruşmalıyıq: o dövrdə nə yox idi? deyə yox, o dövrdə insanlar hansı şəraitdə yaşayırdılar və qarşılarında hansı problemlər dayanırdı? deyə düşünməliyik.
Tarixə XXI əsrin imkanları ilə deyil, tarixi reallığın içindən baxmaq lazımdır.
Ədalət Abdinov


0 Комментарии