Recents in Beach

I İnternasionalın yaradılması



28 sentyabr 1864-cü ildə Londonda K. Marks və F. Engels tərəfindən Beynəlxalq İşçilər Birliyi — I İnternasional yaradıldı. Bu, fəhlə sinfinin ilk kütləvi beynəlxalq təşkilatı idi.
I İnternasional inhisarçı olmayan kapitalizmin ən yüksək inkişaf dövründə, XIX əsrin 60-cı illərinin əvvəllərində ümumdemokratik və fəhlə hərəkatının yüksəlişi şəraitində meydana gəldi. O, 1852-ci ildə buraxılmış Kommunistlər İttifaqının məntiqi davamı idi. Kommunistlər İttifaqı «Ədalətlilər İttifaqı»ndan (alman siyasi mühacirlərinin təşkilatı) fərqli olaraq, tərkibinə görə beynəlxalq xarakter daşıyırdı. Lakin Kommunistlər İttifaqına yalnız fəhlələr deyil, çoxsaylı xırda burjua inqilabçıları da daxil idi.
1850-ci ildə ittifaq rəhbərliyində parçalanma baş verdi. Şapperin rəhbərlik etdiyi alman təşkilatı dərhal inqilab təşkil edilməsinin tərəfdarı idi. Lakin mövcud şərait olmadan inqilab təşkil etmək mümkün olmadı. Bu, ittifaqın Mərkəzi Komitəsində parçalanmaya səbəb oldu və nəticədə ittifaqın ayrı-ayrı özəklərinə qarşı repressiyalar başlandı. Buna görə də 1852-ci ildə Marks ittifaqın rəsmi şəkildə buraxıldığını elan etdi.
Bununla belə, fəhlə hərəkatı beş il ərzində 1847–1848-ci illərdəki məğlubiyyətlərin nəticələrindən tədricən çıxdı. 1857-ci il dünya iqtisadi böhranı proletariatın və kəndlilərin vəziyyətini kəskin şəkildə ağırlaşdıraraq beynəlxalq fəhlə hərəkatının yeni yüksəlişinin başlanğıcına çevrildi. Fəhlə və ümumdemokratik hərəkatın inkişafı bu hərəkatın beynəlxalq səviyyədə əlaqələndirilməsi məsələsini gündəmə gətirdi.
10 noyabr 1863-cü ildə ingilis fəhlələri fransız fəhlələrinə beynəlxalq birləşməyə çağırışla müraciət etdilər. Müraciətdə deyilirdi: «Fəhlə işi üçün xalqların qardaşlığı son dərəcə zəruridir... Buna görə də bizim şüarımız — qardaşlıqdır. Sülhə və azadlığa, sənayenin inkişafına və bütün Yer üzündə insan xoşbəxtliyinə ehtiyacı olan bütün insanlarla sıx əlaqə yaradaq».
Fransız fəhlələri cavablarında birləşməyə tam hazır olduqlarını bildirdilər.
28 sentyabr 1864-cü ildə Londonda, Sent-Martins-holl binasında fransız fəhlələrinin cavabını dinləmək üçün beynəlxalq mitinq çağırıldı. Bu toplantıda İngiltərə, Fransa, Almaniya, İtaliya, Polşa və İrlandiya proletariatının nümayəndələri iştirak edirdilər. Marks alman fəhlələrinin nümayəndəsi kimi toplantının prezidiumuna seçildi. Mitinq Beynəlxalq İşçilər Birliyinin yaradılması haqqında qərar qəbul etdi.
İnternasional müxtəlif ölkələrin fəhlə hərəkatlarını birləşdirmək məqsədi daşıyırdı.
Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии