Kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşməsi) kənd zəhmətkeşinə nə vəd edir?
Azərbaycan kəndinin əsas sərvətlərindən biri torpaqdır. Torpaq kəndli üçün sadəcə mülkiyyət deyil, onun ailəsinin dolanışıq mənbəyi, zəhmətinin bəhrəsi və gələcək təminatıdır. Buna görə kənd təsərrüfatı torpaqlarının konsolidasiyası ilə bağlı yeni mexanizmin tətbiqi kənd zəhmətkeşləri üçün olduqca mühüm məsələdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatı torpaqlarının konsolidasiyası istiqamətində atılan addımın əsas məqsədlərindən biri torpaqların həddindən artıq parçalanmasının qarşısını almaq və kənd təsərrüfatında torpaq resurslarından daha səmərəli istifadə etməkdir. Bəs bunun kəndliyə konkret faydası nə olacaq?
Parçalanmış torpaq kəndlinin xərcini artırır
Azərbaycan kəndlərində elə təsərrüfatlar var ki, bir ailəyə məxsus torpaq sahələri müxtəlif yerlərdə yerləşir. Bir hissə kəndin bir tərəfində, digər hissə başqa tərəfində, bəzən isə bir-birindən xeyli uzaqda olur. Belə vəziyyət kəndli üçün ciddi problemlər yaradır.
Traktorun bir sahədən digərinə aparılması əlavə yanacaq tələb edir. Səpin, gübrələmə, dərmanlama və biçin işləri çətinləşir. Suvarma sisteminin qurulması mürəkkəbləşir. Məhsulun daşınmasına daha çox vaxt və vəsait sərf olunur. Nəticədə kəndli çox işləyir, lakin çəkdiyi xərc də artır. Torpağın konsolidasiyası bu parçalanmanın azaldılmasına və daha əlverişli torpaq strukturu yaradılmasına imkan verə bilər.
Böyük və bütöv sahə texnikadan səmərəli istifadə deməkdir
Müasir kənd təsərrüfatını texnikasız təsəvvür etmək çətindir. Böyük və bütöv sahədə traktor, kombayn, səpin və biçin texnikasından istifadə daha səmərəli olur. Eyni işi daha qısa müddətdə görmək mümkündür. Bu isə kəndli üçün iki mühüm nəticə yarada bilər:
birincisi, əmək və yanacaq xərcləri azalır;
ikincisi, məhsuldarlığın artırılması üçün daha müasir texnologiyalardan istifadə etmək mümkün olur.
Yəni konsolidasiyanın əsas məntiqi torpağı sadəcə böyütmək deyil, torpağın iqtisadi səmərəsini artırmaqdır.
Suvarma məsələsi xüsusi əhəmiyyət daşıyır
Kənd təsərrüfatında torpağın ölçüsü qədər onun su təminatı da vacibdir. Parçalanmış torpaqlarda vahid suvarma sisteminin yaradılması çətin olur. Bir sahəyə kanal çəkilir, digər sahə isə susuz qalır. Bəzən kəndli məhsul əldə etmək üçün əlavə xərc hesabına su problemi həll etməyə məcbur olur.
Konsolidasiya prosesində suvarma və meliorasiya infrastrukturunun da daha səmərəli təşkil edilməsi mümkün olarsa, bundan birbaşa kəndli faydalanacaq. Çünki məhsuldar torpaq + su + texnika = daha yüksək məhsuldarlıq deməkdir.
Əsas məsələ: kəndlinin mülkiyyət hüququ qorunmalıdır
Torpaqların konsolidasiyası haqqında danışarkən ən həssas məsələ məhz budur. Kəndli illərlə zəhmət çəkərək əldə etdiyi torpaq sahəsinin taleyindən narahat olmamalıdır. Konsolidasiya prosesi torpaq sahibinin hüquqlarının qorunması, şəffaflıq və ədalətli qiymətləndirmə prinsipləri əsasında aparılmalıdır.
Xüsusilə vacib məsələ ondan ibarətdir ki, torpağın dəyişdirilməsi zamanı kəndliyə verilən yeni torpağın dəyəri əvvəlki torpağın dəyərinə uyğun olmalıdır. Əgər yeni sahənin bazar dəyəri aşağıdırsa, yaranan fərq kompensasiya edilməlidir. Bu prinsip kəndlinin maraqlarının qorunması baxımından mühüm təminatdır.
Konsolidasiya kəndlini torpaqdan məhrum etmək vasitəsinə çevrilməməlidir
Burada cəmiyyətin diqqət etməli olduğu başqa bir məsələ də var. Torpaqların konsolidasiyası kənd təsərrüfatının səmərəliliyini artırmaq üçün həyata keçirilən iqtisadi-hüquqi mexanizmdir. Onun mahiyyəti kəndlinin torpağını əlindən almaq deyil. Əksinə, düzgün həyata keçirilərsə, kəndlinin sahib olduğu torpaqdan daha çox gəlir əldə etməsinə şərait yaratmalıdır.
Ona görə də proses zamanı: torpaq sahibinin razılığı; torpağın real bazar qiymətinin müəyyənləşdirilməsi; ekvivalent torpaqla təminat; zəruri hallarda kompensasiya; torpaq sərhədlərinin dəqiq müəyyənləşdirilməsi; şəffaf kadastr məlumatları; korrupsiya və sui-istifadənin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır.
Ən böyük üstünlük kənd təsərrüfatının kommersiyalaşması ola bilər
Kəndli yalnız öz ailəsini dolandıran istehsalçı deyil, həm də iqtisadiyyatın iştirakçısıdır. Əgər torpaq sahələri daha səmərəli təşkil edilərsə, fermer məhsulunu daha böyük həcmdə istehsal edə bilər. Böyük həcmdə istehsal isə emal müəssisələri, logistika mərkəzləri, soyuducu anbarlar və market şəbəkələri ilə əməkdaşlığı asanlaşdırır.
Beləliklə, kənd təsərrüfatında “əkdim, yığdım, satdım” modelindən daha müasir “istehsal etdim – emal etdim – saxladım – bazara çıxardım” modelinə keçmək mümkün olur. Bunun nəticəsində kənddə yeni iş yerlərinin yaranması da sürətlənə bilər.
Lakin qanunun özü kifayət deyil
Torpaqların konsolidasiyası ilə bağlı ən böyük sınaq onun kağız üzərində necə yazılması deyil, kənddə necə həyata keçirilməsidir. Kəndli torpağının qiymətləndirilməsinə etibar etmirsə, konsolidasiya onun üçün üstünlük yox, narahatlıq yarada bilər. Əgər proses şəffaf aparılarsa, kəndli öz torpağının əvəzində nə aldığını bilməlidir. Əgər torpağın bazar qiyməti düzgün müəyyənləşdirilərsə, kəndli zərər çəkməməlidir. Əgər yeni torpaq sahəsi əvvəlkindən daha əlverişli olarsa, konsolidasiya kəndlinin gəlirini artırmalıdır. Əgər suvarma, yol və digər infrastruktur paralel şəkildə inkişaf etdirilərsə, kənd təsərrüfatının ümumi məhsuldarlığı yüksəlməlidir.
Kəndlinin torpağı onun gələcək sərvətidir
Torpaq kəndlinin əlindən alınacaq bir əmlak deyil. Əksinə, düzgün idarə edilərsə, onun əsas kapitalıdır. Konsolidasiyanın əsas fəlsəfəsi də məhz bundan ibarət olmalıdır: torpağı kəndlinin əlindən almaq yox, kəndlinin torpaqdan əldə etdiyi iqtisadi faydanı artırmaq. Bu baxımdan torpaqların konsolidasiyası Azərbaycan kənd təsərrüfatında mühüm dəyişikliklərə yol aça bilər.
Amma bunun üçün bir şərt var: Konsolidasiyanın mərkəzində torpağın özü deyil, torpağın sahibi – kənd zəhmətkeşi dayanmalıdır. Əgər kəndli özünü bu prosesin məğduru yox, iştirakçısı və qazanan tərəfi hesab edəcəksə, torpaqların konsolidasiyası kənd təsərrüfatının inkişafına ciddi töhfə verə bilər. Çünki kənd təsərrüfatının əsas kapitalı torpaqdırsa, onun əsas yaradıcısı da kənd zəhmətkeşidir.
Torpağın böyüməsi ilə yanaşı, kəndlinin gəliri də böyüməlidir. Əsas meyar məhz bu olmalıdır.
Ədalət Abdinov


0 Комментарии