Recents in Beach

SSRİ niyə onilliklər boyu İnterpoldan kənarda qaldı?

 



27 sentyabr 1990-cı ildə İnterpolun Baş Assambleyasının 59-cu sessiyasında (Ottava, Kanada) SSRİ İnterpolun üzvü qəbul edildi.
Bundan əvvəl, 7 aprel 1990-cı ildə SSRİ Nazirlər Sovetinin 338 nömrəli “SSRİ-nin Beynəlxalq Cinayət Polisi Təşkilatına — İnterpola daxil olması haqqında” qərarı qəbul edilmişdi.
SSRİ-nin niyə uzun müddət İnterpoldan kənarda qalmasının siyasi səbəbləri var və bunlar maraqlıdır.

Soyuq müharibə və iki fərqli siyasi sistem

SSRİ 1940–1980-ci illərdə Qərb dövlətləri ilə ideoloji və geosiyasi qarşıdurmada idi. Qərb ölkələrinin böyük hissəsi kapitalist sistemə, SSRİ isə birpartiyalı kommunist demokratik siyasi sistemə əsaslanırdı.

SSRİ-də siyasi hakimiyyət Kommunist Partiyasının əlində cəmləşmişdi və dövlət təhlükəsizliyi sistemi geniş səlahiyyətlərə malik idi. 1989-cu il ABŞ Dövlət Departamentinin hesabatında da SSRİ birpartiyalı dövlət kimi xarakterizə olunur və siyasi hakimiyyətin Moskvada yüksək dərəcədə mərkəzləşdiyi qeyd edilir.

Belə şəraitdə Qərb ölkələrinin polis orqanları ilə məlumat mübadiləsi, axtarış və şəxslərin müəyyənləşdirilməsi kimi sahələrdə institusional əməkdaşlıq siyasi baxımdan həssas məsələ idi.

İnterpol yalnız “polis təşkilatı” deyildi — məlumat mübadiləsi sistemi idi

İnterpolun əsas məqsədlərindən biri müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının bir-biri ilə əlaqəsini təmin etməkdir. Təşkilat ölkələr arasında cinayət məlumatlarının, axtarış məlumatlarının və digər hüquq-mühafizə informasiyasının mübadiləsini təşkil edir.

SSRİ kimi ciddi dövlət sirri və təhlükəsizlik sistemi olan ölkə üçün xarici hüquq-mühafizə orqanları ilə belə bir informasiya əməkdaşlığı suverenlik və məxfilik baxımından ehtiyat tələb edirdi.

Bu, “SSRİ cinayətkarlıqla beynəlxalq əməkdaşlıq etmək istəmirdi” demək deyil. Məsələ daha çox məlumatın kimlə, hansı qaydada və hansı məqsədlə paylaşılması ilə bağlı idi.

Siyasi cinayətlərlə adi cinayətlərin sərhədi

Burada daha mühüm məqam var. İnterpolun Konstitusiyası təşkilatın siyasi, hərbi, dini və irqi xarakterli məsələlərə müdaxiləsini qadağan edir. Onun fəaliyyəti əsasən adi cinayətlərlə bağlı beynəlxalq polis əməkdaşlığına yönəlib.

SSRİ-də isə dövlət təhlükəsizliyi ilə bağlı fəaliyyətin əhatə dairəsi Qərb ölkələrindəki adi polis fəaliyyətindən daha geniş idi. DTK, DİN, prokurorluq və digər strukturlar dövlət təhlükəsizliyinin qorunmasında mühüm rol oynayırdı.

Ona görə də İnterpol kimi beynəlxalq polis mexanizminə qoşulmaq SSRİ-nin hüquq-mühafizə sisteminin beynəlxalq standartlarla daha sıx təmasda olması demək idi.

Bəs Qorbaçov dövründə nə dəyişdi?

Əsas dönüş burada baş verdi. 1980-ci illərin ikinci yarısından etibarən Perestroyka, Qlasnost və “yeni siyasi düşüncə” siyasəti nəticəsində SSRİ Qərblə münasibətləri yumşaltmağa və beynəlxalq əməkdaşlığı genişləndirməyə başladı.

1990-cı ildə bu proses artıq hüquq-mühafizə sahəsinə də çatmışdı. 7 aprel tarixli qərarda SSRİ-nin İnterpola daxil olması ilə yanaşı, SSRİ DİN-in tərkibində Milli Mərkəzi Büronun yaradılması, əməkdaşların İnterpolun Liondakı Baş Katibliyinə göndərilməsi və SSRİ-nin İnterpol fəaliyyətində iştirakının hüquqi əsaslarının hazırlanması nəzərdə tutulurdu.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu (MMB) 1992-ci il noyabrın 24-də Azərbaycan Azərbaycan polisi Beynəlxalq Cinayət Polisi Təşkilatına (İnterpol) üzv olduqdan sonra Daxili İşlər Nazirliyinin (DİN) strukturunda təsis edilmişdir.

SSRİ-nin onilliklər ərzində İnterpola üzv olmaması onun Qərblə Soyuq müharibə şəraitində siyasi və institusional qarşıdurması, dövlət təhlükəsizliyi və məlumatların məxfiliyinə xüsusi yanaşması ilə əlaqələndirilə bilər. Qorbaçovun yenid'nqurma siyasəti dövründə isə SSRİ-nin Qərb ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlığa münasibəti dəyişməyə başladı. Bu dəyişiklik hüquq-mühafizə sahəsinə də yayıldı. Nəticədə 7 aprel 1990-cı ildə SSRİ Nazirlər Soveti İnterpola üzvlük barədə qərar qəbul etdi, 27 sentyabrda isə SSRİ təşkilatın üzvü oldu.

SSRİ-ni məhv etməyi qarşısına məqsəd qoymuş Qorbaçovun bu təşkilatçılığı Sovet İttifaqının kapitalist dünyasına inteqrasiyası prosesinin növbəti elementi idi.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии