Recents in Beach

«Makkartizm»


1947-ci il oktyabrın 20-də ABŞ-da senator Cozef Makkartinin rəhbərliyi altında antikommunist kampaniya başladı. Yüzlərlə kommunist və həmkarlar ittifaqı fəalı makkartizmin qurbanına çevrildi, məhkum edilərək həbsxanalara salındı. Bir çox dövlət qulluqçusu, ədəbiyyat və incəsənət xadimi «qara siyahılara» daxil edildi. Onların arasında Çarli Çaplin, Bertolt Brext, Robert Oppengeymer və başqaları da var idi.

ABŞ-da antikommunist əhval-ruhiyyə XX əsrin 50-ci illərində özünün ən yüksək həddinə çatdı. Bu, ilk növbədə, Dövlət Departamentində 205 kommunistin çalışdığını və onların ABŞ-a sədaqətinə şübhə ilə yanaşdığını bəyan edən senator Cozef Makkartinin adı ilə bağlı idi.

Senator Makkarti bütün Amerikanı ayağa qaldıran siyasi hərəkatın — «makkartizmin» əsasını qoydu.

SSRİ-nin aparıcı rol oynadığı İkinci Dünya müharibəsi ölkədə kommunist ideyalarının populyarlığına təsir göstərdi. Amerikalılar kütləvi şəkildə Kommunist Partiyasına üzv olurdular. Bu, hökumətdə və Federal Təhqiqatlar Bürosunda (FTB) narahatlıq doğururdu. 1946-cı ildə Soyuq müharibənin başlanması ilə kommunistlərə potensial satqınlar, sovet casusları və dövlət düşmənləri kimi baxılmağa başlandı. Həmin il kommunist ideyalarına rəğbət bəsləyən şəxsləri müəyyənləşdirməklə məşğul olan Amerika əleyhinə fəaliyyətin araşdırılması üzrə Komissiya fəaliyyətə başladı.

Komissiyanın xoşuna gəlməyən hər kəsin işinə burnunu soxmaq cəhdləri təbii olaraq müqavimətlə qarşılaşdı. Hollivudun on əməkdaşı — əsasən ssenaristlər — öz siyasi baxışları və şəxsi həyatları ilə bağlı komissiyaya ifadə verməkdən imtina etdilər. Bu gün həmin şəxslər «Hollivud onluğu» adı ilə tanınırlar. Komissiyanın qərarı ilə «onluğun» bütün üzvlərinə öz peşələri üzrə işləmək qadağan edildi. Bundan əlavə, onların hər biri bir il həbsxanada yatdı.

«Peşəkar antikommunistlərlə» zarafat etməyin təhlükəli olduğu aydınlaşdı. Hollivudun bəzi tanınmış nümayəndələri, o cümlədən gələcək ABŞ prezidenti, aktyor Ronald Reyqan və multiplikator Uolt Disney komissiyanın fəaliyyətini dəstəklədilər.

Komissiya 1960-cı illərin əvvəllərinədək fəaliyyət göstərdi. Bu müddət ərzində onlarla aktyor, rejissor və ssenarist «etibarsız» şəxslər sırasına daxil edildi. Onların bir çoxu uzun illər işsiz qaldı, bəziləri isə mühacirət etməyə məcbur oldu.

Отправить комментарий

0 Комментарии