Recents in Beach

MƏŞƏDİ ƏZİZBƏYOV

Əzizbəyov  Məşədi bəy Əziz bəy oğlu (18.1.1876, Bakı - 20.9.1918, Türküstan yaxınlığında, indiki Türkmənistan) - Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) ilk üzvlərindən biri, Azərbaycanın sovetləşməsi uğrunda fəal mübarizə aparmış ictimai-siyasi xadimdir.  Bakı realnı məktəbini bitirdikdən (1896) sonra mülki mühəndislər institutuna daxil olmaq üçün Peterburqa getmiş, gizli marksist dərnəyinin məşğələlərində, tələbə nümayişlərində iştirak etmiş, 1898 ildə RSDFP-yə daxil olmuşdur. 1899 ildə Peterburq Texnologiya İnstitutuna qəbul edilmiş, 1900 ildə Peterburq ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin həmyerliler cəmiyyətinin sədri seçilmişdir.
1902 ildə Peterburq fəhlələrinin inqilabi çıxışlarında iştirakına görə həbs edilmiş, 1905 ildə "Hümmət" social-demokrat təşkilatının rəhbər özəyinə daxil olmuşdur. Elə həmin il Bakı fəhlələrinin ümumi tətilində fəal iştirak etmiş,  "Elektriçeskaya sila" səhmdar cəmiyyətinin şəhər kontorunda işə girmiş, şəhərdə erməni-müsəlman toqquşmalarının qarşısını almağa çalışmışdır.
1906 ildə RSDFP Bakı təşkilatının tapşırığı ilə "Bayraği-nüsrət" ("Zəfər bayrağı") adlı partiya döyüş drujinasını yaratmışdı. Əzizbəyov bolşevik "Dəvət-Qoç" və "Prizıv" qəzetləri nəşrinin təşkilində və yayılmasında fəal iştirak etmiş, 1906 ildə İran sosial-demokrat "İctimaiyyun-amiyyun" ("Mücahid") partiyası MK-nın üzvü, Bakı şəhər dumasına seçki kampaniyasının rəhbərlərindən biri seçilmişdi.
1908 ildə Peterburq Texnologiya İnstitatunu bitirərək, mühəndis-texnoloq və energetik diplomu almışdır. Bakıya qayıdan Əzizbəyov "Nicat" mədəni-maarif cəmiyyəti idarə heyəti sədrinin müavini seçilmişdir. 1908-10 illərdə RSDFP Bakı komitəsinin tapşırığı ilə İran inqilabına (1905-11) kömək etmək üçün bir neçə dəfə oraya getmiş, inqilabçılar üçün gizli ədəbiyyat və silah aparmışdır.
1909 ildə Bakıda yaradılan İran İnqilabçılarına Yardım Komitəsinə başçılıq etmişdir. Həmin ildə yenidən "Nicat" cəmiyyəti sədrinin müavini seçilən Əzizbəyov 1910 ildə Bakı şəhər duması üzvlüyünə namizəd irəli sürülmüş, şəhər özünüidarəsi rəisi vəzifəsində çalışmaq üçün Rəştə dəvət edilməsi ilə əlaqədar olaraq İrana getmiş, Ənzəlidə və Rəştdə inqilabi iş aparmışdır.
1911 ildə Bakı şəhəri əhalisinin yoxsul təbəqələrinə yardım göstərmək üçün şəhər özünüidarəsi yanında tikinti bürosu açmış, həmin il Bakı şəhər dumasının üzvü seçilmiş, burada yoxsulların mənafeyinin müdafiəçisi kimi çıxış etmişdir. Əzizbəyov şəhər elektrik texniki vəzifəsində çalışmış, şəhər memarı olmuş, Şollar-Bakı su kəməri çəkilişinə baxan icraiyyə komissiyasının və elektrik komissiyasının üzvü seçilmiş, 1914 ildə Bakı fəhlələrinin ümumi tətilinin hazırlanmasında iştirak etmişdir.
Əzizbəyov 1915 ildə "Milliyyətindən asılı olmayaraq, qaçqınlara yardım komitəsi" sədrinin müavini, 1917 ildə "Hümmət" bolşevik təşkilatı müvəqqəti komitəsinin üzvü seçilmişdir. Bakı müsəlman sosialist partiyaları bürosunun s ədri olan Əzizbəyov Qafqaz müsəlmanlarının Bakıda keçirilən qurultayında iştirak və çıxış etmişdir.
1917 ildə Bakı quberniyası ərzaq komitəsinin müvəkkili kimi qəzalara ezam edilmiş, bolşevik Bakı Komitəsinin heyətinə cəlb olunmuş, yerli hümmətçi bolşeviklərlə əlaqə yaratmaq üçün Tiflisə getmişdir. Mərkəzi tətil komitəsinin üzvü kimi, 1917 il sentyabrın sonunda Bakı fəhlələrinin ümumi tətilinə rəhbərlik etmişdir. Oktyabr inqilabından (1917) sonra bolşevik Bakı Komitəsinin və "Hümmət" təşkilatının siyahısı ilə şəhər dumasına üzv seçilmişdir. Bolşevik partiyasının Qafqaz Diyar Komitəsi tərəfindən Cənubi Qafqazdan Müəssislər məclisinə namizədliyi irəli sürülən bolşeviklər içərisində Əzizbəyovun da adı var idi.
Əzizbəyov 1917 il oktyabrın 31-də "Qənaət" kooperativ cəmiyyətinin sədr müavini seçilmiş, 1918 il yanvarın 31 - də Bakı quberniyası ərzaq təşkilatlarının nəzarətçi-təlimatçısı təyin olunmuşdur. Elə həmin vaxt Qırmızı qvardiya dəstələri yaradan təşkilat komissiyasının tərkibinə seçilmişdir. 1918 ilin martında təxribatçı xarici imperialist  qüvvələrin Azərbaycandakı tör-töküntülərinə  qarşı mübarizədə fəal rol oynamışdır. İnqilabi Müdafiə Komitəsi tərəfindən Bakı şəhəri müsəlman hissəsinin mühafizə komissarı, az sonra isə quberniya komissarı təyin edilmiş, Bakı kəndlərinə gedərək, əhalini sovet hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. 1918 ilin aprelində Şamaxı qəzasında vəziyyəti yoxlamaq üçün yaradılan fövqəladə təhqiqat komissiyasına seçilmiş, Şamaxıda əksinqilabi qüvvələrin  törətdikləri vəhşiliklərdən sarsılmış, burada baş verənlər haqqında ürək ağrısı ilə məlumat vermişdir.
Əzizbəyov  Bakı Xalq Komissarları Sovetində  quberniya komissarı idi. O, 1918 il mayın 9-da Bakı Xalq Komissarları Sovetində daxili işlər komissarının müavini təyin olunmuş, mayın 26-29-da Bakı qəzası kəndli deputatları sovetinin 1-ci qurultayının işində fəal iştirak etmiş və icraiyyə komitəsinin sədri seçilmişdir. İyunun 9-da "Hümmət" təşkilatı komitəsinin yeni heyətinin fəxri sədri seçilmişdir.
Bakı Sovetinin 25 iyul tarixli fövqəladə iclasında ingilis qoşunlarının Bakıya dəvət olunması əleyhinə çıxış etmişdir. Bakı Xalq Komissarları Sovetinnin süqutundan sonra qırmızı əsgər dəstələrinin Bakıdan sovet Həştərxanına köçürülməsini təşkil etmiş, işğalçı  Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak etmişdir.
Avqustun 17-də Bakı komissarları ilə birlikdə "Sentro-kaspi diktaturası" tərəfindən həbs edilmiş, sentyabrın 14-dək həbsxanada saxlanmışdır. Sentyabrın 17-də Bakı Xalq Komissarları Sovetinnin  digər üzvləri ilə birlikdə Zakaspi hökuməti tərəfindən həbs edilib, Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya salınmış, sentyabrın 20-də Krasnovodskın 207 kilometrliyindəki Ağcaqum çölündə güllələnmişdir.

Ədəbiyyat: 
1.Sovet hakimiyyəti uğrunda alovlu mübariz Məşədi Əzizbəyov. Nitqlər, sənədlər və materiallar, B., 1976; 
2.Qazıyev M.A., Məşədi Əzizbəyov. Həyat və fəaliyyəti, B., 1976; 
3.Азизбеков П.А., Мешади Азизбеков, Б, 1956.



Отправить комментарий

0 Комментарии