Recents in Beach

26 BAKI KOMİSSARLARIN XATİRƏSİ ANILIB


26 Bakı komissarların xatirəsini Azərbaycanın solçu zəhmətkeşləri əziz tuturlar. Sentyabrın 20-də şanlı inqilab çəngavərlərinin - Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda fəal mübarizlərin qəhrəmancasına həlak olmasının 102 ili tamam olur.

Azərbaycanın bir qrup fəal kommunisti Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki qəbrstanlığa gəlib, burada əbədi uyuyan 26 Bakı komissarların məzarı önünə qızıl güllər qoydular. 
Anım mərasimində Ədalət Abdinov çıxış etmişdir. O, demişdir: - Azərbaycan bolşevikləri Sovet hakimiyyətini möhkəmlətmək, sosialistcəsinə quruculuq işlərini həyata keçirmək üçün 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarlar Sovetini təşkil etdilər. Bakı Xalq Komissarlar Soveti Zaqafqaziyada Sovet hakimiyyətinin ilk səlahiyyətli hakimiyyət orqanı idi. Bakı Xalq Komissarları Soveti zəhmətkeş kütlələrini xarici və daxili əksinqilaba qarşı mübarizəyə səfərbər edir, onların sosialistcəsinə quruculuq işlərinə rəhbərlik edirdi. Bakı Xalq Komissarları Sovetinin bütün üzvləri gecə-gündüz kütlələr, döyüşçü dəstələr içərisində idi. M.Əzizbəyovun dediyi kimi, Bakı fəhlələri bir əli ilə xarici müdaqxiləçilərə və daxili əksinqilaba qarşı vuruşur, o biri əli ilə neft çıxarır, ölkənin sovet iqtisadiyyatını gücləndirirdilər. Ona görə də Bakı Xalq Komissarları Sovetinin hər bir günü, hər bir saatı əsil qəhrəmanlıq nümunəsi idi.
Şəhid 26 Bakı komissarlarından biri də xalqımızın ləyaqətli oğlu Məşədi Əzizbəyov olmuşdur - Ədalət Abdinov vurğuladı - İndiki burjua tarixçiləri canını xalqının yolunda fəda etmiş qəhraman Məşədi Əzizbəyovu guya 1918-ci ildə Bakı Soveti tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımının iştirakçılarından biri kimi təqdim edirlər. Cəfəngiyyatdır! Burjua ideologiyasının əlaltıları Məşədi Əzizbəyovun tarixi rolunu bilərəkdən kiçiltmək üçün iddi edirlər ki, guya o, Bakı Soveti Xalq Komissarlarının tərkibinə daxil deyildi, yəni hökumətin üzvü deyildi. Halbuki Məşədi Əzizbəyov hökumətin əsas strukturlarından biri olan quberniya komissarı idi. Bu vəzifə də Bakı Xalq Komissarları Sovetinə üzv statusunda idi. Dayaz burjua tarixçilərinin Məşədi Əzizbəyova atdığı böhtanlardan biri də odur ki, Bakı Xalq Komissarları tərəfində Salyanın alınmasına göndərilmiş Məşədi Əzizbəyovun başçılıq etdiyi hərbi dəstə guya Azərbaycan kəndlərini yerlə yeksan etmişdir. Həmin illərin canlı şahidi olmuş salyanlılar söyləyiblər ki, M.Əzizbəyovun dəstəsi yoxsulları qolçomaqlardan, banditlərdən, yerli istismarçılardan qoruyub, Salyanda bir kəndin daşına belə toxunmayıb.
- Bakı Xalq Komissarları Soveti qısa müddətdə yeni dövlət aparatı yaratmaq, sosialistcəsinə quruculuq işləri həyata keçirmək və müdafiə tədbirləri sahəsində xeyli iş gördü. - Ədalət Abdinov dedi. - Bakı komissarları Azərbaycanda sosializm quruculuğunun təməlini çətin şəraitdə xarici hərbi müdaxilənin gücləndiyi və vətəndaş müharibəsiniin daha da genişləndiyi bir vaxtda qururdular.
Ədalət Abdinov daha sonra bildirdi: - 1918-ci ilin yayında vəziyyət olduqca kəskinləşmişdi. Sovet Bakısını hər tərəfdən düşmən qoşunları mühasirəyə almışdı. İngilis, türk müdaxiləçiləri, ağqvardiyaçılar Bakıya soxulmağa hazır idilər. Bundan istifadə edən sağ esserlər, menşeviklər və daşnaklar ingilis müdaxiləçilərini Bakıya dəvət etmək üçün qızğın təşviqat aparırdılar. Xarici hərbi müdaqxilənin və daxili əksinqilabin təzyiqi ilə 1918-cil iyulun 31-də Bakıda sovet hakimiyyəti müvəqqəti olaraq yıxıldı. Hakimiyyət əksinqilabçı "Sentrikaspi diktaturası"nın əlinə keçdi. 
Ədalət Abdinov 20 sentyabr 1917-ci ildə 26 Bakı Komissarların məzarının ziyarəti ilə bağlı xüsusi sifarişlə burjua mətbuatının qopartdığı "fırtına"ya dəstək vermiş bəzi sürüşkən əqidəli üzdəniraq "kommunist"lərin  yaramaz əməlini də xatırlamışdır. Sosializm idealları uğrunda şəhid olmuş 26 Bakı komissarların məzarı hər bir saf kommunist üçün müqəddəs yerdir. Azərbaycan Kommunist Partiyasının parçalanmış qrupların liderləri arasında eləsi var ki, ruhları qarşısında borclu olduqları komissarların məzarını burjuaziyanın qorxusundan ziyarət etmir. Təəssüf ki, bu faktdır - Ədalət Abdinov demişdir.
Anım tədbirinin sonunda tarixin ölməz qəhrəmanlarının ruhuna hörmət əlaməti olaraq bəstəkar Qara Qarayevin "Matəm odası"nın həzin sədaları ətrafa yayıldı.

"Kommunist" onlayn qəzeti



Отправить комментарий

0 Комментарии