Ədalət Abdinov,
“Kommunist”
internet qəzetinin baş redaktoru
Karl Marks adlı insanın həyatdan köçdüyü gündən 135 ildən çox vaxt keçmişdir. Bu 135 ildə faciəli sarsıntılar, inqilabi fırtınalar, bəşəriyyətin müqəddaratında əsasl dəyişikliklər baş vermişdir. Ötən 135 ildə çox-çox fəlsəfi konsepsiyalar, sosial nəzəriyyələr, siyasi doktrinalar alt-üst olmuşdur. Ancaq marksizmin üstün mövqeyi, ictimai inkişafa təsiri getdikcə daha da artmaqdadır. Zaman keçdikcə, Marksın həyat rəşadətinin mənası və vüsəti daha da aydın olur.
Cəmiyyəti ədalətli şəkildə yenidən qurmaq,
istismardan, zülmdən, maddi və mənəvi yoxsulluqdan xilas olmaq üçün insanlar
min illər boyu yollar axtarmışlar. Görkəmli mütəfəkkirlər ömürlərini bu
axtarışa həsr etmişlər. Xalq səadəti uğrunda çarpışan mübarizlər nəsilbənəsil
bu məqsəd yolunda öz həyatlarını qurban vermişlər. Lakin ilk dəfə məhz Marksın
nəhəng fəaliyyətində böyük alimin əməyi kütlələrin inqilabi hərəkatının rəhbər
və təşkilatçısının fədakar mübariz praktikası ilə qovuşmuşdur.
Marks haqlı olaraq klassik alman fəlsəfəsində,
ingilis siyasi iqtisadında, fransız utopik sosializmində ən yaxşı nə varsa
hamısının varisi sayılır. Lakin Marks onların nailiyyətlərini tənqidi surətdə
yenidın işləyərək xeyli irəli getmişdir. Ən əvvəl, ona görə ki, özünün dahiyanə
dərinlik və sadəliklə ifadə etdiyi bir məsələnin həllinə girişmişdir:
“Filosoflar dünyanı ancaq müxtəlif şəkildə izah etmişlər, mətləb isə onu dəyişdirməkdən
ibarətdir” (K.Marks və F.Engels. Seçilmiş əsərləri. Üç cilddə. 1-ci cild, Azərnəşr, 1978, səh.3). Həm də Marks nadir zəkasının
bütün qüdrətini, özünün bütün varlığını dünyanı inqilabi yolla dəyişdirmək işinə
həsr etmişdir.
Ardıcıl elmi nəzəriyyə ilə inqilabi praktikanın vəhdəti
marksizmin fərqləndirici xüsusiyyətidir. Marksın öz elmi yaradıcılığı o vaxtlar
tarixən hələ lap cavan olan bir sinfin – proletariatın müstəqil surətdə siyasi
meydanına atılması ilə sıx əlaqələndirilmədən geniş vüsət ala bilməzdi. Hələ gəncliyində
uzaqgörənliklə dediyi aşağıdakı sözlərin həyata keçdiyini, həqiqətə
çevrildiyini görmək səadəti Marksa nəsib oldu: “ Fəlsəfə proletariatı öz maddi
silahı hesab etdiyi kimi, proletariat da fəlsəfəni öz mənəvi silahı hesab
edir...” (Marks və F.Engels. Əsərləri, 1- cild, səh. 428).
Marksın fəhlə sinfinə bəxş etdiyi fəlsəfə ictimai
ictimai fikir tarixinə çevrilmişdir. Bəşəriyyətin
öz barəsində əvəllər malik olduğu bilik onun marksizm sayəsində qazandığı
biliyin hətta kiçik bir hissəsində də az idi. Dialektik və tarixi
materializmin, siyasi iqtisadın, elmi kommunizm nəzəriyyəsinin üzvi vəhdəti
kimi meydana gələn Marks təlimi dünyagörüşündə əsl inqilab oldu və eyni zamanda
ən dərin sosial inqilabların yolunu işıqlandırdı.
Marks tarixin obyektiv, öz əsası etibarı ilə maddi
qanunlarını kəşf etdi, bu qanunları o yerdə aşkara çıxartdı ki, orada əvvəllər
hər şey ya kor-koranə təsadüfün oyunu, ayrı-ayrı şəxsiyyətlərin özbaşınalığı
kimi görünür, ya da əfsanəvi dünya ruhunun özünüifadəsi kimi qələmə verilirdi.
Marks üzdə olanın, nəzərə çarpanın arxasına, təzahürün arxasında mahiyyəti gördü. O, kapitalist istehsalının, əməyin kapital tərəfindən
istismarının sirrini ört-basdır edən pərdəni qoparıb atdı – göstərdi ki, izafi
dəyəri yaradan kimdir, mənimsəyən kim.
Marksın bu iki ən görkəmli kəşfinə - tarixin
materialist anlayışında və izafi dəyər nəzəriyyəsinə onun böyük silahdaşı və
dostu Fridrix Engels xüsusi əhəmiyyət verirdi. Bunun səbəbini başa düşmək çətin
deyildir. Məhz bu kəşflər sosializmi utopiyadan elmə çevirməyə, sinfi mübarizəni
elmi şəkildə izah etməyə imkan verdi. Məhz
bu kəşflərin əsasında, V.İ.Leninin sözləri ilə desək, Marksın təlimində başlıca
cəhət – “sosializm cəmiyyətinin yaradıcısı olan proletariatın ümumdünya –
tarixi rolunu” aydınlaşdırmaq mümkün
oldu (Əsərlərinin tam külliyatı, 23-cü cild, səh.1).
Bəli, Marks ən böyük alimdir. Lakin Marks həm də təcrübəsi
olan ən böyük inqilabçıdır. Özünün irəli sürdüyü məqsədləri həyata keçirmək
üçün onun nə qədər çox iş görməyə müvəffəq olduğuna heyran qalmamaq mümkün
deyildir.
Engelslə
birlikdə Marks şurlu, inqilabçı proletariatın tarixdə ilk siyasi təşkilatını –
Kommunistlər ittifaqını yaratmışdır. Deməli, o, sözün ən müasir mənasında ilk
kommunistdir, indi ümumdünya miqyası almış hərəkatımızın banisidir.
Marks yazmışdır ki, “Fəhlə sinfinin qəti qələbəsini
yalnız onun beynəlmiləl ittifaqı təmin edə bilər” (Marks və F.Engels. Əsərləri,
16-cı cild, səh. 336). Birinci internasionalın banisi kimi o özü fəhlələrin
beynəlxalq birliyini yaradıb möhkəmlətməyə yorulmaq bilmədən çalışırdı. Dünya
kommunistlərinə Marks və Engelsin siyasi vəsiyyətlərini “Bütün ölkələrin
proletarları, birləşin!” alovlu şüarından ayrılıqda təsəvvürə gətirmək mümkün
deyildir.


0 Комментарии