Bu gün qəlbimizdə dərin izlər buraxmış, ömrünü Azərbaycan dilinə, ədəbiyyatına və milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etmiş şair-publisist, dəyərli pedaqoq Əvəz Nəbioğlunun vəfatından 40 gün ötür. Bu 40 gün ərzində onu tanıyanların, onunla çiyin-çiyinə çalışanların, tələbələrinin və oxucularının qəlbində bir boşluq, bir nisgil yaşadı. Lakin belə şəxsiyyətlər cismani olaraq aramızdan getsələr də, onların yaratdıqları mənəvi irs daim yaşayır.
Əvəz Nəbioğlu uzun illər Masallı rayonunun Bədəlan kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışaraq yüzlərlə şagirdin həyatına işıq salmışdır. O, sadəcə dərs deyən müəllim deyildi – o, sözün həqiqi mənasında maarifçi idi. Onun dərsləri yalnız proqram materialı ilə məhdudlaşmır, milli ruh, vətən sevgisi, ana dilinə hörmət kimi ali dəyərləri aşılayırdı. Bir müddət məktəb direktoru kimi fəaliyyət göstərərkən də o, təhsilin inkişafına, məktəbin nüfuzunun yüksəlməsinə öz layiqli töhfəsini vermişdir.
Əvəz müəllim eyni zamanda incə ruhlu şair, cəmiyyətin ağrı-acılarını, sevincini və ümidlərini qələmə alan publisist idi. Onun yazılarında səmimiyyət, həyat həqiqətləri və xalqına bağlılıq açıq-aydın hiss olunurdu. O, sözün gücünə inanır, qələmini xalqın xidmətində görürdü. Yazdıqları oxucunu düşündürür, ruhlandırır və bəzən də həyatın sərt reallıqları ilə üz-üzə qoyurdu.
Onu tanıyanlar Əvəz Nəbioğlunu ilk növbədə sadəliyi, səmimiyyəti və insanpərvərliyi ilə xatırlayırlar. O, hər kəsə eyni diqqət və qayğı ilə yanaşan, xeyirxahlığı həyat prinsipi seçmiş bir insan idi. Onun davranışı, sözləri və əməlləri əsl ziyalı nümunəsi idi.
Bu gün – mərhumun 40-ı tamam olan gündə – biz onu dərin ehtiramla yad edir, ruhuna dualar oxuyuruq. Əvəz Nəbioğlunun ömrü gənc nəslə örnək, onun yaradıcılığı isə gələcək nəsillər üçün bir məktəb olaraq qalacaq. Onun işıqlı xatirəsi daim qəlblərdə yaşayacaq, adı hörmətlə anılacaq.
Allah rəhmət eləsin. Ruhu şad olsun.
Ədalət Abdinov


0 Комментарии