Recents in Beach

Kommunistlər 1 May bayramına hazırlaşırlar

“Mayın 1-də Azərbaycan kommunistləri və kommunist təşkilatının təəssübkeşləri əməkçilərin Ümumdünya bayramını, öz əlləri, zəkası, istedadı ilə cəmiyyətin maddi və mənəvi sərvətlərinin yaradanların və artıranların bayramını qeyd etmək üçün toplaşacaqlar. Həmin gün günəşin bərq vurduğu mavi səmada qırmızı bayraqlar dalğalanacaqdır. Bütün yer üzündə olduğu kimi dogma Azərbaycanda da 1 Mayın mətin addımları eşidiləcəkdir”. Bu sözləri mətbuat üçün açıqlamasında Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov demişdir.
Ədalət Abdinovun sözlərinə görə, bu bahar və sülh bayramında bütün qitələrin adamları sanki əl-ələ verib vahid sıralarla addımlayacaqlar. Zənci, vyetnamlı, ərəb, ingilis dokeri, fransız fəhləsi, italyan balıqçısı, Rusiya, Türkiyə və  Azərbaycan zəhmətkeşi, bir sözlə, dünyanın bütün namuslu adamları nümayişə çıxanların arasında olacaqlar. Öz həmrəyliklərini nümayiş etdirən bu adamlar müxtəlif dillərdə danışsalar da, hamısının arzusu, diləyi birdir. Bayram günü dostluq və qardaşlıq mahnıları oxuyacaq bu adamların dodaqlarında sülhə, demokratiyaya və sosializmə çağırış nidaları əzəmətlə səslənəcəkdir.
1 May bayramı zəhmətkeşlərin beynəlxalq həmrəyliyinə mübariz baxışdır. Bu bayram istismara və əsarətə qarşı, milli istiqlaliyyət, demokratiya, sülh uğrunda,  sosializm ideyalarının təntənəsi naminə yekdilliyə nail olmaq əzminin böyük nümayişidir.
1 Mayın al bayraqlarında “Əmək” sözü qırılmaz surətdə “Sülh” sözü ilə birləşdirilmişdir. Azərbaycan xalqı sülhün qədrini yaxşı bilir, çünki müharibənin nə demək olduğunu yaxşı bilir. Bunu bu gün, beynəlxalq imperializmin təşkilatçılığı ilə burjua Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əzəli və əbədi torpağımız Qarabağı azad etmək uğrunda apardığımız mübarizədə xatırlamaq yerinə düşər.
Ədalət Abdinov daha sonar bildirmişdir ki, müstəmləkə imperiyaları dağılmaqdadır. Kapital ölkələrində zəhmətkeşlərin istismara və əsarətə qarşı, sülh, demokratiya və sosializm uğrunda mübarizəsi artır və genişlənir. Sülh və tərəqqi qüvvələri, ictimai yeniləşdirmə qüvvələri möhkəmlənir və planetimizdə öz zəfər yürüşünü davam etdirirlər.
Biz kapitala və irtcaya qarşı mübarizə aparan kommunist və fəhlə partiyaların, proletariatın, bütün zəhmətkeşlərin yanındayıq. Biz azadlığı və milli istiqlaliyyəti müdafiə edənlərin hamısı ilə həmrəy olduğumuzu bir  daha bildiririk, - deyə Ədalət Abdinov bəyan etmişdir.
Ədalət Abdinov daha sonra demişdir: - Sülh və xalqlar dostluğu işinə sadiq olan, beynəlmiləlçilik prinsiplərinə sadiq olan Azərbaycan Kommunistlər Birliyi   imperializmə qarşı, müharibə təhlükəsinə qarşı mübarizədə bundan sonara da bütün mütərəqqi qüvvələrin sıx birləşməsinə çalışacaqdır.
1 May günü dünya üzərində kommunist təşkilatların mübariz şüarı bir  daha səslənəcəkdir: “Kapital ölkələrindəki proletarlar, bütün demokratik qüvvələr, azadlığa çıxmış xalqlar və məzlum xalqlar imperializmə qarşı, sülh, milli istiqlaliyyət, ictimai tərəqqi, demokratiya və sosializm uğrunda ümumi mübarizədə birləşin!”.
Bayram günü proletar himninin ilhamlı melodiyası səslənəcək, iştirakçılar “İnternasional” oxuyacaqlar. Bayram yürüşünü bayraqdarlar başlayacaq, “Ura” səsləri ucalacaqdır -
Ədalət Abdinov vurğulamışdır.

Azərbaycan Kommunistlər Birliyinin mətbuat xidməti

Отправить комментарий

0 Комментарии