!4 iyul - Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi günüdür. Bununla əlaqədar Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında tədbirlər keçirilmişdir.
Ancaq illərdir ki, bu tarixi faktın təqdim olunması ilə siyasi şərhin fərqini müşahidə edirik.
Tarixi fakt ondan ibarətdir ki, 14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bu, SSRİ dövründə Azərbaycan SSR-də ən yüksək siyasi rəhbər vəzifə idi və tarixi sənədlərlə təsdiqlənmiş faktdır.
"Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi" ifadəsi isə həmin faktın daha ümumiləşdirilmiş siyasi təsviridir. Bu ifadə 1969-cu ildən etibarən onun respublikaya rəhbərlik etməyə başlamasını ifadə edə bilər. Lakin Yeni Azərbaycan Partiyasındakı dostlarımız bilməlidir ki, bu, tarixi hadisənin rəsmi adını əvəz etmir.
Bu baxımdan 14 iyul tədbirlərində tarixi dəqiqlik naminə "Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi" ifadəsinin işlədilməsi daha düzgündür.
"Siyasi hakimiyyətə gəlişi" ifadəsi interpretativ və ümumiləşdirici xarakter daşıyır. O, hadisənin mahiyyətini müəyyən mənada ifadə etsə də, konkret vəzifənin adını göstərmir.
Tarixşünaslıq və elmi nəşrlərdə, adətən, əvvəlcə hadisənin rəsmi adı (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi sseçilməsi), sonra isə bunun Azərbaycanın siyasi rəhbərliyinə gəlişi olduğu izah edilir.
Yeni Azərbaycan Partiyasının və ya başqa siyasi təşkilatların tədbirlərə verdiyi ad onların siyasi və ideoloji seçimidir. Bu, tarixi faktı dəyişmir. Bununla belə, tarixi hadisələrin təqdimatında konkret vəzifənin adının qeyd edilməsi tarixi dəqiqlik və şəffaflıq baxımından daha məqsədəuyğun hesab olunur.
Yəni, tarix elmi baxımından ən dəqiq ifadə belə olardı: "14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi".
Əgər əlavə şərh vermək istənilirsə, bundan sonra qeyd oluna bilər ki, bu hadisə onun Azərbaycan SSR-də siyasi rəhbərliyə başlamasının başlanğıcı idi.
Belə təqdimat həm tarixi faktı olduğu kimi saxlayır, həm də onun siyasi əhəmiyyətini izah edir.
Ədalət Abdinov


0 Комментарии