Bu araşdırma
M.C. Bağırovun həyat və fəaliyyətini tədqiq edən Adıgözəl Məmmədovun “M.C.
Bağırov. Siyasi portret” kitabında tirajlanıb.
Sovet Azərbaycanında
Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması İmam Mustafayevin adı ilə
bağlayırlar. Bu günə qədər bizə təbliğ olunurdu ki, guya Azərbaycan dilinin
dövlət dili statusunun qazanılmasının müəllifi məhz İmam Mustafayevdir.
Həqiqət isə
necədir?
Halbuki,
1937-ci il 14 mart tarixində qüvvəyə minmiş və Mir Cəfər Bağırovun rəhbərliyi
altında hazırlanmış Azərbaycan SSR konstitutsiyasında Azərbaycan dilinin dövlət
dili olması 151-ci maddədə göstərilir. Bu konstitutsiyada Azərbaycan dilinin respublika
ərazisində bütün dövlət müəssisələrində və yazışmalarında tətbiq olunmasi təsbit
olunur.
İndi sual
olunur: “Niyə görə M.C.Bağırovun xidmətini İmam Mustafayevin ayağına
yazırlar?”.
1958-ci ildən
başlayaraq Anastas Mikoyanda İmam Mustafayevə qarşı artıq müəyyən neqativ fikir
yaranmışdı. Kreml İmam Mustafayevin rəhbərliyinin ilk dönəmində M.C.Bağırova
qarşı onun apardığı "Səlib " yürüşünə yüksək qiymət verirdi. Xüsusən
də onun M.C.Bağırova qarşı üzəduranlar dəstəsinin təşkilində ki, fəaliyyəti
Xruşşov-Mikoyan cütlüyü tərəfindən çox bəyənilmişdi. Bunu biz bariz şəkildə
1954-cü il fevral ayının 12-də Bakıda keçirilən Kommunist partiyasının
qurultayının protokollarında daha aydın
görürük(http://olke.az/news/detail/adigozel-memmedov-mcbagirovun-xalqimizin-taleyinde-rolu-evezsizdir-ve-bunu-unutmaq-nankorluqdur-109796/).
Bəs nəyə görə 1958-ci ildə Xruşşov-Mikoyan cütlüyünun İmam Mustafayevə münasibəti
kəskin dəyişmişdi?
Burada mərhum
yazıçımız Mirzə İbrahimov faktoru var idı . Azərbaycan SSR Ali Sovetinin sədri
kimi məhz o, 1937-ci il Azərbaycan SSR konstitutsiyasının 151-ci maddəsinə əsaslanaraq
dövlət yazışmalarında və tədbirlərində Azərbaycan dilinin tətbiqinin
vacibliyini göstərmişdi. Bax, M.C.Bağırovu güllələsələr də Xruşşov-Mikoyan
cütlüyünü hiddətləndirəndə o idi ki, niyə ondan qalma pozitiv milli
baxışlarının daşıyıcıları hələ də Azərbaycan siyasi rəhbərliyində təmsil
olunmuşdular. Bunu İmam Mustafayevə bağışlaya bilmirdilər.Nikita Xruşşov İmam
Mustafayevə tənə edərək bildirirdi ki, “biz sizi ona görə Azərbaycana rəhbəri
qoyduq ki, M.C.Bağırovun fikir və baxışlarına bağlı olan hər kəsi Azərbaycan
siyasi rəhbərliyindən uzaqlaşdırın və təmizləyin.
Bu, o dövr
ki, Kremlin siyasi emisarları üçün həyəcan siqnalı idi.
Ona görə də
İmam Mustafayev vəzifədən azad olunur və M.İbrahimov Azərbaycan SSR-i Ali
Sovetinin sədri vəzifəsindən uzaqlaşdırılır, Sadıq Rəhimov isə Azərbaycan SSR-i
Nazirlər Sovetinin sədri vəzifəsindən çıxarılır. Həqiqətən də M.İbrahimov
olduqca milli adam idi. Biz bunu sovet erməni ədəbi elitasına qarşı
M.C.Bağırovla M.İbrahimovun birgə mübarizələrində görürük.
Aşağıdakı sənəd
dediklərimizin təsdiqi üçün böyük tarixi əhəmiyyət daşıyır.
Şaginyanın
“Sovet Zaqafqaziyası” kitabı ilə bağlı yazışma
1946-cı ildə
Ermənistan Dövlət Nəşriyyatı Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabını
nəşr edib. Ermənistanda və Moskvada ermənilər və ermənipərəstlər tərəfindən
rəğbətlə qarşılanan bu kitabın Azərbaycanda da oxucuları az olmamışdır. Bəziləri
“əsərdə tarixi hadisələr və faktlar kobud şəkildə təhrif olunur” desələr də,
etiraz səslərini qaldırmayıblar. Yalnız Mircəfər Bağırov susa bilməyib və
Marietta Şaginyanın daşnak baxışlarını alt-üst edib.
M.C.Bağırovun
Kremlə, ÜİK(b)P MK-nın katibi A.A.Jdanova göndərdiyi rəsmi məktubunu bütünlüklə
oxucuların diqqətinə veririk.
ÜK(b)P
MK-nın katibi yoldaş A.A.Jdanova
1946-cı ildə
Yerevanda Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı nəşr edilib. Məlumat
verməyi zəruri sayırıq ki, bu kitabda çoxlu sayda kobud siyasi səhvlərə yol
verilib, tarixi həqiqətlər təhrif edilib. Mahiyyət etibarı ilə kitab Sovet
Zaqafqaziyası xalqlarına şər-böhtanla doludur.
Bunun təsdiqi
kimi bir neçə xarakterik seçməni diqqətinizə çatdırırıq:
1927-ci ildə
qələmə aldığı “Sevan gölü” oçerkində müəllif Sovet Zaqafqaziyası xalqlarını tarixi
baxımdan yorulmuş, qocalıb əldən düşmüş, məhvə məhkum olunmuş kimi təsvir edir:
“Zaqafqaziyalılar
– qədim, yorğun, ömrünü başa vurmuş, min illərdən sonra sümükləri nazilmiş və ətrafları
zəifləmiş bir xalqdır. Bu həqiqət qədim, narahat keçmişindən yorulmuş xalq olan
ermənilər üçün də keçərlidir. Günəşin istisindən və tarixi qocalıq ucbatından
buradakı tənbəllik malyariya xəstəliyi kimi yoluxucu və güclüdür. Heç kim
könüllü şəkildə bədən tərbiyəsi ilə məşğul olmur. Amma mütləq balaca ordu, təlimlər,
manevrlər, düşərgə həyatı, marş-paradlar, yaxınlıqda isə təbilin sədaları
altında pioner yürüşü – bütün bunlar ermənilərdən ötrü bir növ xəstə bellərinə
bağladıqları qalın kəmər rolunu oynayır”. (s.128)
İnqilabdan
neçə illər keçsə də, Şaginyan Zaqafqaziyanın hər tərəfində yalnız xarabalıqlar,
geridə qalmış, vəhşi həyat görür. Misal üçün, Şaginyanın fikrincə, “1926-cı ildə
Dağlıq Qarabağ yiyəsiz, dağıdılmış kasıb bir ölkəni xatırladır. Burada qazanc
çox aşağıdır, kənd təsərrüfatı heç bir gəlir gətirmir, acından ölməkdən qorxan
kəndlilər isə şəhərlərə qaçırlar”.
Dağlıq
Qarabağın keçmişini, erməni təhkimliləri – məliklər dövrünü isə M.Şaginyan
xüsusi şövqlə və məhəbbətlə təsvir edir. Erməni məliklərini-mülkədarlarını bu
torpağın ağıllı, alicənab sahibləri kimi tərifləyib göylərə qaldıran və
ideallaşdıran Şaginyan yazır:
“…Bu məliklər
xəyalpərəst və qürurlu gürcü knyazlarına bənzəmirlər. Doğma Qarabağına qayıdan
yüksək çinli yaşlı erməni əynindəki Nikolay şinelini çıxarıb, xırmana baş çəkir,
taxıldöyəni işlədir, gecələr də hamı kimi Qarabağın köhnə “qara damında” yatır
(pəncərəsiz, yalnız baca yeri olan qara koma). (s.226) Yəni, generalın təmiz
yatağında...”
Dağlıq
Qarabağı “erməni ölkəsi” (s.224), “Ermənistanın zadəgan parçası” (s. 225) elan
edən Şaginyan hansı səbəbdənsə erməni-azərbaycanlı davasını yada salmağı lazım
bilir. Müəllif o davanı dağıntıların qalıqları, guya Şuşanın erməni məhəlləsində
“hansısa xəndəkdə” (s.254) öz gözlərilə gördüyü “qara qana bulaşmış qadın
saçları” (s.254) ilə bəzəyir.
Qarabağda azərbaycanlılarla
ermənilərin münasibətlərini təsvir eləyən Şaginyan onları qarşı-qarşıya qoyur,
tarixi həqiqətləri təhrif edir, “ermənilərin ölkənin kasıb iqtisadiyyatını
qanları bahasına dirçəltdiyini”, azərbaycanlıları da “sürətli mədəni inkişafa”
(s.252) cəlb etdiklərini sübuta yetirməyə çalışır.
Azərbaycanlıların
ünvanına belə təhqiramiz ifadələrlə kifayətlənməyən müəllif daha sonra onların
Dağlıq Qarabağın iqtisadiyyatında mənfi rol oynadıqlarını iddia edir. Şaginyan
Dağlıq Qarabağda maldarlığın zəifləməsinin səbəbini “köçəri-müsəlmanların”
iranlılarla tamahkar ticarət sövdələşmələrinə getməyində görür. Guya onlar
İrandan “xəstəliyə yoluxmuş heyvanları” gətirərək, bununla da Dağlıq Qarabağda
sağalmaz taun xəstəliyini yayıblar.
Azərbaycan
xalqına gerilik və kobudluq xüsusiyyətlərini “yapışdıran” Şaginyan onun mədəni
tarixinə aid faktları da təhrif edir. Şaginyanın iddiasına görə, XVI əsrin dahi
Azərbaycan şairi Füzuli öz əsərlərini yalnız ərəb dilində yazmışdır (s.292).
Hamıya məlumdur ki, Füzuli Azərbaycan ədəbi dilinin inkişafındakı xidmətləri ilə
məşhurdur və özünün yalnız bir neçə elmi əsərini ərəb dilində qələmə almışdır.
Şaginyanın qənaətinə
görə, Azərbaycan aşıqları və xanəndələri azərbaycanlı sənətkarların deyil, fars
şairlərin qəzəllərini oxuyurdular (s.253). Azərbaycanlı aşıq və xanəndələrin
yaradıcılığının Azərbaycan poeziyası ilə sıx bağlı olduğu, onların heç vaxt
fars dilində mahnı və qəzəl ifa etmədikləri danılmaz həqiqətdir.
Müəllifin
çadra ilə bağlı düşüncələri isə Azərbaycan qadını üçün olduqca ürəkbulandırıcı
və təhqiramizdir.
“Çadra
ehtiras yaradan atributdur. Onun formasız qara rəngi, örtüyə bürünmüş bədənin
qırçınlar altında zəif tərpənişi – əsrlər boyu beyinlərə yeridilmiş son dərəcə
mürəkkəb kompleksdir. Bədənin çadra altındakı hərəkətində heyvanın atavist
davranışının müəyyən əlamətləri sezilir. Yəni, zəif cinsi təpikləmək və
tapdalamaq tələbatı, heyvani sahiblik hissi – mənimkidir, deməli, gizli,
qapalı, bürünmüş olmalıdır. Bu isə heyvana xasdır və Zaqafqaziya xalqları
arasında geniş yayılmış homoseksualizmin psixoloji yöndən əsaslandırılmasıdır”
(s.257).
Daha sonra:
“Əgər adam
evin ən böyük sərvətidirsə, deməli, müsəlman daha çox uşağa sahib olmalıdır.
Arvadların sayı məhz uşaq doğuşlarını artırmaqla bağlıdır. Eyni prinsipə çoban
sürünün sayını artırmaq üçün əməl edir!” (s.257)
Bunlarla
yanaşı, Şaginyanın Avropanın və Amerikanın qarşısında yaltaqlığını və qulluq
göstərməyini xüsusi qeyd etmək lazımdır. Dağlıq Qarabağın təbii sərvətlərindən
danışarkən, onları Amerikanın təbii sərvətlərilə müqayisə edən müəllif yazır:
“Pulsuz
elektrik enerjisi, istifadəsız qalmış insan enerjisi, meşələrin çoxluğu və ölkənin
bənzərsiz kurort göstəriciləri. Bütün bunlar bir-birinə uyuşub və yanaşı
durublar. Bunları görən amerikalı qibtə hissi ilə belə deyərdi:
“sadalananlardan bəziləri bizdə də var. Varlı Qərb ştatlarında, şiş qayalı
dağlarda: ecazkar təbiət, hava, meşə, havayı enerji. Amma orda ən başlıcası
yoxdur, o olmadan isə ölkəni canlandırmaq, onu gerilikdən və vəhşilikdən
çıxarmaq çox çətindir”.
Ən başlıca nədir?
Pul? Axı amerikalıların pulu kifayət qədərdir. Yox, о, başqa cavabı verərdi və
həmin cavab bizim üçün gözlənilməz olardı: “artıq bir nəfər yoxdur ki, işin
başına keçsin”. Məhz həmin “artıq” adamlar, işləməyi arzulayanlar Qarabağda
kifayət qədərdir” (s. 228-229)
Özünün
Dağlıq Qarabağa səyahəti zamanı hər şeyin yaxşı və xoşagələn olduğunu yazan müəllif
beynində Avropada gördükləri hər şeylə assosiasiya yaradır. “Avropanın yumşaq
yağışı. Belə yağışlar Avropanın orta zolağında, Bavariya İsveçrəsində, Tirolda,
Avstriyada olduğu kimi, Dağlıq Qarabağda da tez-tez qəmli, ildırımsız yağır və
tez də kəsilir”.(s.255). “Torpağın mədəniyyəti öz əksini nəfəsin təmizliyində
tapır. Bu hal az qala saflaşdırılmış havası olan Avropada xüsusilə nəzərə
çarpır” (s.227).
Marietta
Şaginyanın “Sovet Zaqafqaziyası” kitabından bunlara bənzər çoxlu misallar gətirmək
mümkündür. Sadəcə “Erməninəşr”in əksəriyyəti 20-25 il bundan əvvəl yazılmış bu
oçerkləri 1946-cı ildə təzədən çap eləməsinin səbəbi aydın deyil. Görünür, bu
işi ifşa olunmuş xalq düşmənlərinin – azərbaycanlı, erməni və gürcü millətçilərinin
güclü təsiri altında yerinə yetiriblər. Bu isə mahiyyət etibarı ilə
anqlosaksların, eləcə də Vətənimizin digər düşmənlərinin sovet xalqlarının əleyhinə
apardıqları murdar şər-böhtan və təxribatçı əməllərindən heç nə ilə fərqlənmir.
Bu kitabın
satışdan yığışdırılmasını zəruri hesab edirik.
Əlavə:
Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı.
Azərbaycan
K(b)P) MK-nın katibi M.C.Bağırov
21 iyul
1947-ci il
№ 139
Bakı ş.
Azərbaycan
K(b)P) MK-nın katibi yoldaş M.C.Bağırova
Bu gün poçt
vasitəsilə Marietta Şaginyandan məktub almışam.
Həmin məktubu
Sizə göndərərək, göstərişinizi gözləyirəm.
Mirzə İbrahimov
“ 5 “ iyun 1947-ci il.
SURƏTİ
Yoldaş İbrahimov! Ermənistanda mən öz kitabımı bir
daha diqqətlə oxudum və gördüm ki, Siz tamamilə haqlısınız. Kitabda təkcə Azərbaycan
üçün deyil, həm də Ermənistan üçün xoşagəlməz, təhqiramiz, əsəbi yerlər vardır.
Bu məsələ ilə bağlı Ermənistan K(b)P MK-nın birinci katibinin yanında olmuşam.
Onunla nə edəcəyimizi müzakirə elədik. Mən kitabın satışdan yığışdırılmasını
xahiş elədim, amma bu, yeni kitabım üçün çox ağır nəticələrə gətirib çıxara bilər.
Çünki bu halda Moskva onun çapını dayandırardı. Biz kitabı sökmək və 5 yerini təzədən
çap etmək qərarına gəldik. Dağlıq Qarabağla bağlı birinci səhifəni originalda
olduğu kimi saxlamaq, “Qara kisə” məqaləsindən iki səhifəni bərpa eləmək.
Bundan başqa, mən Ermənistan qəzetinə məqalə yazaraq, onun sonunda kitabıma
toxunmuş, orada bir neçə qəbulolunmaz və yanlış yerləri aradan qaldırmadığıma
görə böyük səhvə yol verdiyimi etiraf eləmişəm. Əgər yoldaş Bağırov arzu edərsə,
oxşar məqaləni “Бакинский рабочий” qəzeti üçün
də yazaram. Əvvəlcə belə bir səhvin baş verdiyini izah edərəm, sonra isə kitaba
gözə üzr istəyərəm.
Ermənistanın Ədəbiyat və naşriyyat üzrə baş idarəsi
yanlış yerləri düzəldilənə qədər kitabın satışını dayandırmaq barədə əmr verib.
Biz yalnız xoşagəlməz hissələri düzəltdik, amma Şuşa ilə bağlı yerləri
saxlamalı olduq. Çünki o zaman bütün kitabın sökülüb təzədən yığılması lazım gələrdi.
Amma girişdə qeyd etmişəm ki, kitabda Azərbaycan və Gürcüstan təsadüfən və
yersiz təqdim olunub.
Kitabı yenidən oxuyarkən özüm də dəhşətə gəldim. Bəlkə
də onun çap olunmaması üçün həyatımın qalan hissəsini qurban verərdim. Bu məsələdə
redaktor da olmazın əziyyətlər çəkib. Sizin Aqbalyana xəbərdarlıq etdiyinizi
demişdim, amma təəssüflər olsun ki, heç bir tədbir görmədilər.
Salam göndərirəm: М. Şaginyan.
26.V-1947.
Bu dəfə M.Bağırov M.Şaginyan haqqında L. Beriyaya
yazır.
Fond № 1, siyahı № 168, iş № 2, səh. 40
“SSRİ Nazirlər Sovetinə, L.P.Beriya yoldaşa”
M.Şaginyanın 1946-cı ildə Ermənistan Dövlət Nəşiriyyatı
tərəfindən buraxılmış “Sovet Zaqafqaziyası” kitabının bir nüsxəsini tanışlıq
üçün sizə göndərirəm.
Bununla birlikdə həmçinin həmin məsələ ilə əlaqədar
Jdanov yoldaşa göndərdiyim məktubumun surətini, eləcə də Azərbaycan SSR Nazirlər
Soveti sədrinin müavini M. İbrahimovun ünvanına M.Şaginyanın və mənim adıma
qoşma məktubun surətlərini Sizə göndərirəm”.
Azərbaycan K(b)P MK-nın katibi M. Bağırov
1 noyabr 1947-ci il, N 217”.
Daşnaklara münasibətdə həmişə M.Bağırovun mövqeyini
müdafiə edən Lavrenti Pavloviç Beriya öldürüldükdən sonra, M.Şaginyan barəsində
məktublar M.Bağırova qarşı çevrildi. 1956-cı ilin yazında SSRİ-nin Baş
prokuroru Bakıda M.C.Bağırovun məhkəmə iclasında M.Şaginyanın müdafiəçisi
rolunda idi.
Rudenko: - Müttəhim Bağırov, 1947-ci il Nizami təntənələrində
Şaginyan Mariettanı qəbul etməyib, hələ üstəlik, onu təhqir etmişdiniz. Nə üçün?
Bağırov: -
O, mənimlə görüşmək istəyirdi, lakin əsərlərində Qarabağa, Naxçıvan torpağına
göz dikdiyi üçün, onun qəbulla bağlı xahişini rədd etdim.

0 Комментарии