Recents in Beach

Dərdin şairi: Böyükxan Pərviz yaradıcılığında həyatın acı həqiqətləri


Masallının təbiət qoxulu, torpaq nəfəsli kəndlərindən biri olan Babaser… Bu kənddə doğulan Böyükxan Pərviz həyatın sərt üzünü erkən yaşlarından tanıyan, sözün içində yaşayan, dərdi poeziyanın dili ilə danışdıran bir qələm adamıdır. Onun yaradıcılığı ilk baxışdan sadə görünür, lakin bu sadəliyin arxasında dərin həyat müşahidəsi, xalq ruhu və sarsıdıcı daxili təlatümlər gizlənir.

Böyükxan Pərvizin özünəməxsus həyat yolu və ruh dünyası var idi. Babaser kəndinin zəhmətli həyat mühiti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Kənd həyatının çətinlikləri, insan münasibətlərinin saflığı və eyni zamanda sərtliyi onun şeirlərində açıq-aydın hiss olunur. Sonralar Bakıya köçməsi onun dünyasını genişləndirsə də, kəndin izləri heç vaxt silinməyib – əksinə, bu izlər onun poeziyasının əsas sütununa çevrilib.
Onun şeirlərində tez-tez qarşılaşdığımız tənhalıq, sıxıntı, həyatla barışmazlıq hissləri əslində şairin daxili monoloqunun ifadəsidir. O, öz dərdini gizlətmir, onu olduğu kimi təqdim edir – bəzəksiz, pafossuz, amma təsirli.
Böyükxan Pərvizin yaradıcılığının əsas motivlərindən danışsaq, onun
poeziyası bir neçə əsas xətt üzərində qurulur. Burada dərd və insanın daxili iztirabı diqqəti cəlb edir. “Dərd” şeirində şair dərdi canlı varlıq kimi təqdim edir:
Harda qaçıb gizlənirəm,
soraq-soraqnan gəlir.
Dərd bizə qonaq gələndə,
arvad-uşaqnan gəlir.
Bu misralar təkcə şəxsi ağrının deyil, ümumiləşdirilmiş insan taleyinin ifadəsidir. Dərd burada keçici yox, ailəvi, köklü bir vəziyyət kimi təsvir olunur.
“Qayıt, gülüm” şeirində tərk edilmiş bir insanın ruh halı son dərəcə təsirli boyalarla verilir.Tənha sevgi və itki hissi çox məharətlə canlandırılır. Evin boşalması, həyatın dayanması, hər şeyin qocalması – bunlar fiziki yox, mənəvi boşluğun metaforalarıdır:
Getmisən, bu evin sahibi kimdi?
Ayağım ünvanı bəlkə səhv salıb?
Divarda xalı da köhnə kilimdi,
Bu evdə elə bil, hər şey qocalıb.
Haçandı otağın işığı sönüb,
Nə bir çay dəmlənir, nə yanır ocaq.
Bu mənzil mənimçün qəbirə dönüb,
Baş daşı əskikdir üstümdə ancaq.
Sayıram getdiyin günləri bir-bir,
Daha ürəyimdə giley qalmayıb.
Burada sevgi itkisi ölümə bərabər tutulur.
Sosial ağrı və ümumi narazılığın motivi olan “Niyə belədi?” şeirində şair cəmiyyətə sual verir. Ədalətsizlik, dəyərlərin aşınması, yaxşı ilə pisin fərqinin itməsi onun narahatlığının əsas səbəblərindəndir:
Qızıl həsəd çəkir misə,
Fərq yoxdu yaxşıyla pisə.
Xalqın gözü tərəzisə,
Bazarı niyə belədi?
Bu, artıq şəxsi yox, ictimai fəlsəfəyə çevrilmiş bir etirazdır.
“Fələkdən qabaq” şeirində şairin taleyə və həyata ironik baxışı var. Burada ən çox diqqət çəkən məqam odur ki, şairin taleyi günahlandırmamasıdır:
Bizim göbəyimiz belə kəsilib,
Qəmə bürünmüşük bələkdən qabaq.
Anamız qorxudub, hər ağlayanda,
Cini tanımışıq mələkdən qabaq.
Torpaqdan duymadıq gülün ətrini,
Dostdan uca tutduq yadın xətrini.
Od oğlu, bilmədik odun qədrini,
Söndü ocağımız küləkdən qabaq.
Bu da bir ömürdü, axırı yoxdu
Papağı gedənin abırı yoxdu.
A bala, fələyin taqsırı yoxdu,
Biz elə beləydik, fələkdən qabaq.
Bu misralar insanın öz taleyindəki məsuliyyətini qəbul etməsi kimi də yozula bilər.
Böyükxan Pərvizin əmək və sadəlik fəlsəfəsinin təcəssümü olan “Əllərimə yazılmış şeir” şeirində zəhmət, halal həyat və sadəlik ön plana çəkilir. Şair öz əllərinə müraciət edərək həyatının təmizliyini və zəhmətini qiymətləndirir:
Ay əllərim, sizin ilə
bir qıza çiçək almadım.
Kimsəyə əl uzatmadım
Kimsədən çörək almadım.
Yorulmadıq, nə mən, nə siz,
Ömür sürdük su tək, təmiz.
Qabar oldu bəzəyiniz,
Bir özgə bəzək almadım.
İşlədiniz, otaq aldım,
Geyim aldım, yataq aldım.
Şaxta düşdü, papaq aldım,
Sizə bir əlcək almadım.
Böyükxan Pərvizin üslub xüsusiyyətləri maraqlıdır, dili xalq dilinə çox yaxındır. O, süni poetik konstruksiyalardan qaçır, daha çox danışıq üslubuna söykənir. Bu isə onun şeirlərini oxucuya yaxınlaşdırır. Onun poeziyasında sadə, amma yaddaqalan metaforalar, xalq deyimlərinə yaxın ifadələr, qısa, lakin təsirli misralar üstünlük təşkil edir.
Şair tez-tez ritorik suallardan istifadə edir və bu da oxucunu düşünməyə vadar edir.
Qısa ömür yaşamış Böyükxan Pərviz çağdaş Azərbaycan poeziyasında xalq ruhunu, həyatın acı reallıqlarını və insanın daxili səsini səmimi şəkildə ifadə edən qələm sahiblərindən biridir. Onun şeirləri pafosdan uzaq, lakin duyğudan zəngindir. O, böyük iddialar irəli sürmür – sadəcə gördüyünü, yaşadığını və hiss etdiyini yazmışdır. Elə bu səbəbdən də onun poeziyası oxucunun qəlbinə yol tapır.
Bu yaradıcılıq, əslində, bir insanın həyatla mübarizəsinin poetik gündəliyidir – sətir-sətir, dərd-dərd yazılmış bir ömür hekayəsi.
Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии