Sovet İttifaqının süqutundan sonra burjua təbliğatının əsas hədəfi Stalin oldu. Bu, başadüşülən və məntiqli idi. Vətəndaşlara əsas tezislər yaxşı məlum idi: birincisi, SSRİ-də şəxsiyyətə pərəstiş kultu ifşa edilmişdi; ikincisi, repressiyalar mövzusu; üçüncüsü isə, Stalin xalqın gözündə planetdə ən qüdrətli proletar dövlətini yaratmış sovet rəhbərinin ideal obrazını təcəssüm etdirirdi. Bu dövlət, burjuaziyanın SSRİ-nin dağıntıları üzərində qurduğu sistemin tam əksi idi. Buna görə də bununla nəsə etmək lazım gəlirdi.
Mən Mleçinlər, Radzinskilər və öz ağalarına yarınmaq üçün dəridən-qabıqdan çıxan saysız-hesabsız adsız keşişlərin bu istiqamətdə fəaliyyəti haqqında çox oxumuşam. Onlar Stalini "ifşa etmək" üçün böyük səylər göstərirdilər. Axırda o həddə gəlib çatdılar ki, guya SSRİ müharibədə Stalinə baxmayaraq qalib gəlib. Bu, təbliğat absurdunun zirvəsi idi.
Bütün bunların necə nəticələndiyini isə hamımız yaxşı bilirik. Xalq bu yalançı burjua təbliğatına aldanmadı. Stalinin populyarlığı durmadan artdı. Hazırda Rusiya, ümumiyyətlə postsovet respublikaları əhalisinin təxminən 60 faizi Stalinə müsbət münasibət bəsləyir. Demək olar ki, bu təbliğat xətti tam iflasa uğradı. Bu yolla davam etmək artıq mənasızdır. Arabir hələ də köhnə vərdişlə bu mövzuda fəaliyyət göstərməyə çalışan bəzi səriştəsiz təbliğatçılara rast gəlinir. Amma düşünürəm ki, artıq belə "əsərlərə" görə böyük qonorarlar verilmir.
Stalinə və onun hakimiyyət dövrünə qarşı aparılan qaralama kampaniyası ilə paralel olaraq Leninə qarşı da zəif hücumlar edilirdi. Arabir nələrsə səslənirdi, lakin əsas taktika susmaq idi. Xalq bu tarixi şəxsiyyəti unutmalı idi. Və o da yavaş-yavaş unudur. Bundan başqa, mən Marksın, Engelsin və marksizmin hansısa ciddi "ifşalarını" da xatırlamıram. Bu da başadüşüləndir. Həmin dövrdə bu mütəfəkkirlər və bu dünyagörüşü çox məhdud bir çevrənin maraq dairəsində idi.
Canlı burjua nökərləri ölmüş Stalinin öhdəsindən gələ bilmədikdən sonra burjua təbliğatında yeni istiqamət formalaşmağa başladı. İndi Stalin "qırmızı imperator", "torpaqları birləşdirən", anti-marksist və anti-leninçi, "Lenin qvardiyasını güllələtdirən" şəxs kimi təqdim olunur. Yəni burjuaziya onu öz tərəfdarı – abstrakt dövlətçilik tərəfdarı kimi göstərməyə çalışır. Onlar Stalinin abstrakt deyil, sosialist və proletar dövləti qurduğunu isə görməzliyə vururlar. Burjua təbliğatçılarının təsvirində Stalin ya adsız-sansız bir dövlət, ya da dövlət kapitalizmi qururdu. Aydındır ki, köhnə təbliğat xəttini yenisi ilə dərhal əvəz etmək mümkün deyil. Buna görə də bir müddət eyni vaxtda bir telekanalda "qanlı tiran" Stalinin ifşa edildiyini, digərində isə onun ucaldıldığını görəcəyik.
Bu yeni istiqamətlə yanaşı, Leninə qarşı da genişmiqyaslı hücumlar başlayır. Əgər indi Stalin müsbət, yaxud heç olmasa tam mənfi olmayan tarixi şəxs kimi təqdim olunursa, deməli, "cəhənnəm məxluqu" roluna Lenin seçilir. Burjua təbliğatı üçün vəziyyəti asanlaşdıran odur ki, Lenini anti-marksist və anti-kommunist adlandırmaq mümkün deyil. Buna görə də Stalin məsələsində olduğu kimi həqiqətləri zorla uyğunlaşdırmağa ehtiyac qalmır. Hər şey guya sadədir: torpaqları payladı, vətəndaş müharibəsini alovlandırdı, imperiyanı dağıtdı, kilsələri məhv etdi, rusofob idi və sair. Bu barədə müxtəlif resurslarda oxumaq olar. Siz həmin müəllifləri də tanıyırsınız.
Leninə hücumlarla yanaşı, bu adamlar (başqa cür adlandırmaq çətindir) Marksı, Engelsi və marksizmi də yenidən gündəmə gətirirlər. Əlbəttə, bunu öz istəkləri ilə deyil, cəmiyyətdə sol baxışların, xüsusən də marksizmin populyarlığının nəzərəçarpacaq dərəcədə artmasına reaksiya olaraq edirlər. Burada istifadə olunan metodika standartdır: Marks və Engelsin guya rusofob olması, həmçinin onların guya ingilis kapitalı ilə "əməkdaşlığı". Bu, tamamilə yeni təbliğat istiqamətidir və hələlik burjua təbliğatı müxtəlif "ifşalarla" kütləni sevindirə bilmir. Hələlik hər şey yeknəsəq və maraqsız görünür.
Tam əminliklə demək olar ki, Leninə, Marksa, Engelsə və marksizmə qarşı bu yalançı hücumların nəticəsi də Stalinə qarşı aparılan kampaniyanın nəticəsi kimi olacaq – Leninin, Marksın, Engelsin və marksizmin populyarlığı artacaq. Onlar ən vacib məqamı başa düşmürlər. Cəmiyyətin böyük əksəriyyəti onların burjua "ifşalarına" inkarla cavab verir. Ölkədə iqtisadi vəziyyət nə qədər ağırlaşırsa, onların təbliğatına qarşı narazılıq və rəddetmə də bir o qədər güclənir.
Bəs bu təbliğat istiqamətlərini kim formalaşdırır, postsovet respublikalarında informasiya və təbliğat gündəliyini kim təsdiqləyir? Bu, qətiyyən cavabsız qalan sual deyil.
Ədalət Abdinov


0 Комментарии