Muzdlu əmək o zaman yaranır ki, insan öz fiziki mövcudluğu üçün lazım olan məhsulları özü istehsal etmək imkanından məhrum olur. Çünki onun nə istehsal vasitələri, nə də istehsal etmək üçün zəruri alətləri vardır. Belə şəraitdə yaşamaq üçün o, sahib olduğu yeganə şeyi – əmək qabiliyyətini satmağa məcbur olur. İnsanının bu əmək qabiliyyəti “işçi qüvvəsi” adlanır.
Buradan aydın olur ki, işçi qüvvəsi bütün ictimai-iqtisadi formasiyalarda mövcud olmuş və olacaqdır. Lakin yalnız kapitalizm şəraitində o, alınıb-satılan bir əmtəəyə çevrilir.
Bu nə deməkdir? O deməkdir ki, yalnız kapitalizmdə elə iqtisadi şərait yaradılır ki, insan öz işçi qüvvəsini bazarda satmağa, əmək qabiliyyətini yaşaması üçün lazım olan məhsul və əşyalara dəyişməyə məcbur olur. Kapitalizmdə həmin məhsul və əşyalar da əmtəə formasında çıxış edir.
Məsələ ondadır ki, kapitalizm şəraitində daha əvvəlki bəzi formasiyalarda da mövcud olmuş əmtəə istehsalı hərtərəfli xarakter alır, insan həyatının demək olar ki, bütün sahələrini əhatə edir. Bu, həmin ictimai-iqtisadi quruluşun ən mühüm xüsusiyyətlərindən biridir.
Kapitalizmin ikinci mühüm xüsusiyyəti isə məhz muzdlu əməkdir. Kapitalizmi digər bütün ictimai formasiyalardan fərqləndirən əsas cəhət də budur. Kapitalizmdən əvvəl heç bir cəmiyyətdə insanın əmək qabiliyyəti bazarda satılmırdı və işçi qüvvəsi bazarı mövcud deyildi.
İbtidai icma quruluşunda insan birlikləri yaşamaq üçün lazım olan hər şeyi öz daxilində istehsal edir və istehsal etdiklərini özləri istehlak edirdilər. Həmin dövrdə bazar və əmtəə mübadiləsi yox idi, çünki dəyişdiriləcək artıq məhsul mövcud deyildi. Cəmiyyətin məhsuldar qüvvələri son dərəcə zəif, əmək alətləri və istehsal texnologiyaları isə çox primitiv idi.
Quldarlıq quruluşunda artıq əmtəə istehsalı meydana çıxmışdı. Lakin o, sonrakı feodal quruluşunda olduğu kimi, hələ ümumi xarakter daşımırdı və iqtisadiyyatın bütün sahələrini əhatə etmirdi. İctimai məhsulun əsas hissəsi ayrı-ayrı təsərrüfatların daxilində istehsal olunur və elə oradaca istehlak edilirdi. Yəni natural təsərrüfat üstünlük təşkil edirdi. Quldarlıq dövründə əmtəə insanın özü – qul və onun əmək qabiliyyəti idi.
Feodal cəmiyyətində isə feodal (torpaq sahibi) artıq işçiyə qul sahibinin qul üzərindəki kimi tam hakim deyildi. Feodal torpağa sahib idi və kəndlilər həmin torpağa bağlı vəziyyətdə saxlanılırdılar. Torpaq üzərindəki mülkiyyət ona kəndlilərin əməyindən istifadə etmək hüququ verirdi. Kəndlilər öz təsərrüfatlarına malik olsalar da, yaşamaq üçün eyni zamanda feodalın xeyrinə məcburi əmək çəkməli idilər. Bu məcburi əmək ya biyar (barşina), ya da müəyyən vergilər və ödənişlər (obrok) şəklində həyata keçirilirdi.
Yalnız kapitalizmdə işçi şəxsi azadlığa malik olsa da, istehsal vasitələrindən məhrum edildiyi üçün bazara sahib olduğu yeganə şeyi – öz işçi qüvvəsini çıxarmağa məcbur olur.
Kommunizm şəraitində də işçi qüvvəsi bazarı olmayacaqdır. Çünki həmin iqtisadi quruluşda əmtəə istehsalı mövcud olmayacaq. Kommunizmdə bütün istehsal vasitələri cəmiyyətin yalnız bir hissəsinə deyil, bütün üzvlərinə məxsus olacaqdır. İstehsal vasitələri üzərində ictimai mülkiyyət bazarı lazımsız edir. Kommunizm şəraitində əmək məhsulları istehsal ediləcək, lakin onlar əmtəə olmayacaq. Ərzaq və digər zəruri nemətlər satmaq və mənfəət əldə etmək üçün deyil, cəmiyyət üzvlərinin tələbatlarını ödəmək üçün istehsal olunacaq.
Kommunist cəmiyyətində insanın işçi qüvvəsi alınıb-satılmayacaq. İnsanların istehsal vasitələrinin sahiblərindən öz əmək qabiliyyətlərini maddi nemətlər müqabilində satın almağı xahiş etmələrinə ehtiyac qalmayacaq. Çünki onlar özləri istehsal vasitələrinin sahibi olacaq və birgə yaratdıqları ictimai məhsuldan ehtiyacları qədər istifadə edə biləcəklər.
Sosializmdə (məsələn, SSRİ-də) əmək haqqının məzmunu isə kapitalizmdəkindən tamamilə fərqli idi. Ad eyni qalırdı – “əmək haqqı”, lakin mahiyyəti başqa idi.
Kapitalizmdə əmək haqqı əmək bazarında işçi qüvvəsinin qiymətidir. Orta hesabla bu, işçinin iş qabiliyyətini qoruyub saxlamaq üçün zəruri olan minimum maddi nemətlərin pul ifadəsidir.
Kapitalizmdə işçiyə nə istehsal vasitələri, nə də öz istehsal etdiyi məhsul məxsusdur. Hətta o, öz işçi qüvvəsini belə daim kapitalistə satmağa məcburdur.
Kapitalizmdə hər şey kapitalistə məxsusdur: istehsal vasitələri, istehsal olunmuş məhsullar və hətta bazardan satın alınan işçi qüvvəsi.
Sosializmdə isə iqtisadiyyatın əsasında ümumxalq (ictimai) mülkiyyəti dayanırdı. Bu o demək idi ki, SSRİ vətəndaşlarının hər biri ölkədəki istehsal vasitələrinin faktiki ortaq sahibi idi və həmin vasitələrlə yaradılmış ümumi məhsul da onlara məxsus sayılırdı. Sovet fəhlələrinin, qulluqçularının və ziyalılarının öz işçi qüvvələrini satmalarına ehtiyac yox idi. Çünki yaşamaq üçün lazım olan məhsulları istehsal etmək imkanına malik idilər və onları özlərinə satmaları mənasız olardı.
Kapitalizmdə işçi ona görə öz əmək qabiliyyətini kapitalistə satır ki, onun özünün istehsal vasitələri yoxdur. Onun fabrikləri, zavodları, dəzgahları, avadanlıqları, elektrik stansiyaları, torpağı və yeraltı sərvətləri yoxdur. Bütün bunlar olmadan nə ərzaq yetişdirmək, nə geyim istehsal etmək, nə də ev tikmək mümkündür. Feodalizm dövründə kasıb kəndlinin heç olmasa torpağı, kotanı və atı vardı. Fəhlənin isə bunların heç biri yoxdur. Məhz buna görə o, işçi qüvvəsini satmağa məcbur olur.
Sosializmdə isə işçi özü ölkənin bütün istehsal vasitələrinin ortaq sahibi hesab olunurdu. Buna görə də öz işçi qüvvəsini satmağa ehtiyac duymurdu.
Elə buna görə də sosializm şəraitində əmək haqqının məzmunu kapitalizmdəkindən fərqlənirdi. Bu, sovet dövlətinə işçi qüvvəsinin satılması deyildi. Sovet dövləti sovet zəhmətkeş xalqının özünün idarəetmə orqanı hesab olunurdu. Belə olan halda sovet işçisinin özünü sovet dövlətinə satması, əslində, özünü özünə satması demək olardı ki, bu da məntiqsiz sayılırdı.
SSRİ-də əmək haqqı ölkənin ümumi milli gəlirinin işləyən vətəndaşa onun cari tələbatlarını ödəməsi üçün ayrılan hissəsi hesab edilirdi. Milli gəlirin qalan hissəsi isə planlı şəkildə bütün cəmiyyətin ehtiyaclarına sərf olunurdu. Həmin vəsait hesabına sənaye və kənd təsərrüfatı, elm və texnika inkişaf etdirilir, təhsil, səhiyyə, mədəniyyət, idman və mənzil tikintisi maliyyələşdirilirdi. Pensiyalar, təqaüdlər, istirahət evləri, sanatoriyalar, pioner düşərgələri və digər sosial layihələr də bu vəsait hesabına təmin olunurdu.
Sovet insanı harada işləməsindən asılı olmayaraq, öz əməyi ilə bütövlükdə cəmiyyəti zənginləşdirir və bunun vasitəsilə öz rifahını da artırmış olurdu. Çünki sovet cəmiyyətinin malik olduğu bütün sərvətlərdən hər bir vətəndaşın da payı olduğu qəbul edilirdi.
Ədalət Abdinov


0 Комментарии