Recents in Beach

"Yenidənqurma" dövründə Sovet iqtisadiyyatını necə dağıtdılar?


1 yanvar 1987-ci il
– partiya-nomenklatura biznesinin yaranmasının başlanğıcı. Əvvəllər ixrac-idxal əməliyyatları üzrə inhisar hüququna malik olan Xarici Ticarət Nazirliyi və Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsinin səlahiyyətləri birdən-birə 20 nazirliyə və 70 iri müəssisəyə verildi. Onların rəhbərləri və icraçıları dövlət vəsaitləri hesabına gəlir əldə etmək imkanına sahib oldular.

28 yanvar 1987-ci il – "komsomol iqtisadiyyatı"nın yaradılmasına start verildi. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin himayəsi altında ölkə üzrə Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzləri yaradıldı. Məqsəd yeni texnologiyaların xalq təsərrüfatının bütün sahələrinə tətbiqi idi. Lakin bu mərkəzlər böyük qazanc əldə etmək üçün əlverişli vasitəyə çevrildi.

Altı ay keçməmiş "Dövlət müəssisəsi (birliyi) haqqında" Qanun əvvəllər ən ağır cəza ilə nəticələnə biləcək bir əməliyyata – nağdsız vəsaitlərin nağd pula çevrilməsinə icazə verdi.

Nağdlaşdırma üzrə müstəsna hüquq məhz Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzlərinə verildi. Bu, gələcək biznes elitasının iki qrupunun – dövlət müəssisələrinin rəhbərlərinin və yaradıcılıq mərkəzlərinin rəhbərlərinin zənginləşməsi üçün şərait yaratdı.

Xidmət haqqı kimi 18–33 faiz tutulurdu, bunun 5 faizi isə partiyanın şəhər komitəsinin koordinasiya şurasına köçürülürdü. "Komsomolçular" direktorların maraqlarını nəzərə alan saxta müvəqqəti mərkəzlər yaratmaq üçün qohumlarını və tanışlarını da bu fəaliyyətə cəlb edirdilər.

Beləliklə, korrupsiya sxemlərinin formalaşdırılmasına başlanıldı. Bu sahədə Mixail Xodorkovski rəhbərlik etdiyi "Menatep" Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi ön sırada idi. Onun silahdaşları Leonid Nevzlin və Vladislav Surkov idi. Rəqiblər arasında gələcəkdə "İnkombank" və "Vımpelkom"un vitse-prezidenti olacaq Vladimir Preobrajenski, həmçinin 538 min ABŞ dolları nağd pulun aşkarlandığı "kseroks qutusu işi" ilə məşhurlaşmış Sergey Lisovski də var idi. Sonralar bir çox KİV sahibləri və iri torpaq mülkiyyətçiləri də bu mühitdən çıxdılar.

26 may 1988-ci il – "SSRİ-də kooperasiya haqqında" Qanun artıq yerli sovet deputatlarına da kooperativlər və xarici tərəfdaşlarla birgə müəssisələr yaratmaq imkanı verdi. Bu müəssisələr əsasən malların xaricə ixracı və valyuta ehtiyatlarının toplanması məqsədilə fəaliyyət göstərirdi.

Nəticədə nəzarətedici orqanların, İqtisadi Cinayətlərlə Mübarizə Şöbəsinin (OBXSS), Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) və digər hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri arasından, cinayət aləmi ilə əlaqələri olan ilk gizli sahibkarlar meydana çıxdılar.

Bununla belə, Qarşılıqlı İqtisadi Yardım Şurası (SSRİ, Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, ADR, Monqolustan, Vyetnam, Albaniya və Kuba) ölkələri arasında beynəlxalq hesablaşmalar köçürmə rublu ilə aparılırdı. Bir köçürmə rublunun dəyəri 0,987412 qram xalis qızıla bərabər idi. Bu, nağd pula çevrilməsi mümkün olmayan, dünyada ilk virtual möhkəm fövqəlmilli valyuta növlərindən biri hesab edilirdi.

1990-cı il – satqın Mixail Qorbaçov və Nikolay Rıjkov Qarşılıqlı İqtisadi Yardım Şurasını belə bir qərar qəbul etməyə məcbur etdilər ki, bundan sonra qarşılıqlı ticarət yalnız ABŞ dolları ilə aparılsın. Lakin Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin dollar ehtiyatları yox idi. Onlara Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kreditlər təqdim etdi.

ABŞ dollarına tələbat yaratmaqla xəyanətkar Qorbaçov SSRİ-ni ənənəvi satış bazarlarından və planlaşdırılmış gəlirlərdən məhrum etdi, həmçinin SSRİ-nin təsir zonasına ABŞ-ın nəzarətini gücləndirdi. Bunun nəticələri dərhal ərzaq bazarında hiss olunmağa başladı.

Yeni formalaşan burjuaziya anbarlardan kərə yağı, balıq, ət, müxtəlif yarmalar, qatılaşdırılmış süd, şəkər və quru meyvələr daxil olmaqla çoxlu məhsulu xaricə çıxarmağa başladı. Məhsullar təkcə Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinə deyil, həm də Almaniyaya (məsələn, Başqırdıstandan ət bütöv qatarlarla göndərilirdi), eləcə də Böyük Britaniyaya, Afrika ölkələrinə və Hindistana ixrac edilirdi.

26 dekabr 1991-ci il – SSRİ fəaliyyətini dayandırdı. Ertəsi gün isə "RSFSR-də torpaq islahatının həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında" qanun qəbul edildi. Bununla kənd təsərrüfatında məcburi və sürətləndirilmiş kollektiv təsərrüfatların ləğvi prosesi başlandı və kənd yerlərində kriminal və oliqarxik kapitalizm modelinin formalaşdırılmasına başlanıldığı iddia olunur.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии