Kapitalist proletarlara müharibə elan edib. Amma kapitalizm şəraitində bu müharibə onsuz da hər gün davam edir — sinfi müharibə şəklində.
Tramp kommunistlərə müharibə elan edərək demokratları və sosialist hərəkatı ilə əlaqəsi olanları – «allahsız kommunistlər» adlandırıb və onları xristianlıq, xüsusi mülkiyyət və «Amerika dəyərləri» üçün təhlükə kimi təqdim edib. Buna səbəb demokratik sosialistlərin Nyu-Yorkda və mer Zöhran Məmdani ətrafında qazandıqları uğurlar olub.
Məqsəd aydındır: sosialist tələblərini mahiyyəti üzrə – mənzil problemi, kirayə haqları, yoxsulluq, miqrantların vəziyyəti, bərabərsizlik kimi məsələləri – müzakirə etmək əvəzinə, onları «kommunist təhlükəsi» kimi qələmə vermək.
Xüsusilə diqqətçəkən məqam odur ki, burjuaziya yenidən dini ritorikaya əl atır. «Allahsız kommunistlər» ifadəsi sosial ədalət uğrunda mübarizəni «xristianlıq», «ənənələr» və «millət» üçün təhlükə kimi göstərmək cəhdidir. Bu isə klassik üsuldur, çünki din iqtisadi bazis üzərində qurulan ideoloji üstqurumun bir hissəsidir. O, bir tərəfin mülkiyyətə, dövlətə, banklara və korporasiyalara sahib olduğu, digər tərəfin isə yaşamaq üçün öz əməyini saat hesabı satdığı ictimai quruluşun xidmətində dayanır.
Yoxsullara deyilir: səbir edin, taleyinizlə barışın, dua edin!
Varlılara deyilir: sahib olun, varlanın, hökmranlıq edin!
Buna görə də Tramp «allahsız kommunistlər» haqqında danışarkən əxlaqı deyil, xüsusi mülkiyyəti və kapitalın hakimiyyətini müdafiə edir.
Bu, kapitalın klassik burjua müdafiəsidir: sosial narazılıq artdıqda, kapital söhbəti «kim mülkiyyətə sahibdir və kim yoxsullaşır» müstəvisindən çıxarıb «imanın və millətin düşmənləri» müstəvisinə keçirir.
Tramp əslində «kommunistlərə» deyil, sosial ədalət ideyasının özünə müharibə elan edib.
ABŞ-də yenidən makkartizm siyasəti gündəmə gətirilir: əlçatan kirayə haqlarından, miqrantların hüquqlarından, yoxsulluqdan və korporasiyaların hakimiyyətindən danışan hər kəs «allahsız kommunist» elan olunur.
Kapitalizm qocalır, böhran dərinləşir və buna görə də burjuaziya yenidən fəhlələri qırmızı bayraqla qorxutmağa çalışır.
Onlar «kommunizm» sözündən qorxurlar, çünki çox yaxşı anlayırlar ki, dövrümüzün əsas məsələsi məhz budur: mülkiyyət, hakimiyyət və insanlığın gələcəyi məsələsi.
Ədalət Abdinov


0 Комментарии