1918-ci il sentyabrın 20-də, dan yeri sökülməzdən əvvəl Zakaspi çölünün qumluqlarında məhkəməsiz və istintaqsız 26 inqilabçı güllələndi. Sovet tarix dərsliklərində onlar “26 Bakı komissarı” kimi tanınırdı. Bunlar xarakterlərinə, gördükləri işin xüsusiyyətlərinə, hətta mənsub olduqları partiyaya görə bir-birindən çox fərqlənən insanlar idi. Onlar yeddi millətin nümayəndələri idilər: səkkiz erməni, altı rus, altı yəhudi, iki azərbaycanlı, iki gürcü, bir latış və bir yunan. Onların yarısının yaşı hələ otuz yaşa çatmamışdı.
Bəs 26 nəfərin siyahısı necə tərtib edilmişdi? Əlbəttə, Bakı bolşeviklərinin əsas rəhbərləri – Şaumyan, Caparidze, Əzizbəyov, Fioletov, Korganov – Krasnovodsk hakimiyyətinə yaxşı tanış idilər. Lakin onların hamısını tanımaları, əlbəttə, mümkün deyildi. Suren Şaumyan danışırdı ki, komissarlar Bakı həbsxanasında saxlanılarkən kamera nəzarətçisinin əlində 25 nəfərlik siyahı vardı və o, həmin siyahıya əsasən qohumlarının gətirdiyi ərzağı məhbuslara paylayırdı. Krasnodarda həbs edilərkən bu siyahı aşkar edilmişdi. Komissarların Bakıdan çıxmasına kömək etdiyinə görə siyahıya Tatevos Amirov da əlavə edildi.
Görünür, Krasnovodsk hakimiyyəti belə düşünürdü: siyahıda adları çəkilən şəxslər Bakıda həbs ediliblərsə, deməli, məhv edilməli olan şəxslər də məhz onlardır. Adları siyahıda olmayan digər şəxsləri – Kandelakini, Storojuuku, Mikoyanı, Suren və Devon Şaumyanı, Variko Caparidzeni, Olqa Fioletovanı və başqalarını isə həbsxanada saxladılar.
Sentyabrın 20-də yerli “Orta Asiyanın səsi” (“Qolos Sredney Azii”) qəzetində komissarların sonrakı taleyi barədə açıq şəkildə məlumat verən məqalə dərc olundu. Məqalədə deyilirdi: “Gözə göz, qana qan, başa baş. Bundan sonra Şaumyanın, Petrovun, Caparidzenin, Korganovun və başqalarının başı cavab verəcək. Biz dəhşətli işgəncələr verməkdən, o cümlədən onları aclıqdan öldürməkdən və dördə bölməkdən belə çəkinməyəcəyik.”
Lakin komissarlar artıq güllələnmişdilər – dan yeri sökülərkən, yəni qəzetin həmin nömrəsi çapdan çıxmazdan əvvəl.
Qəribə qatar Axça-Kuyma və Pereval stansiyaları arasında, 207-ci verstdə, 118-ci və 119-cu teleqraf dirəkləri ərazisində dayandı. Qatar parovozdan, bir sərnişin və bir məhbus vaqonundan ibarət idi. Ətrafda boz, solğun qumlu təpələr uzanırdı və heç bir həyat əlaməti görünmürdü. Seyrək saksaul kolları mənzərəni daha da kədərli və yeknəsəq edirdi.
Qatarın maşinisti Şeqolyutin sonralar danışırdı ki, komissarların ilk qrupu – 13 nəfər – vaqondan çıxarılaraq qatarın sol tərəfinə, təxminən 75–100 addım uzağa aparılmışdı. Onlar hələ başlarına nə gələcəyini bilmirdilər və əşyalarını da özləri ilə götürmüşdülər. Birinci qrup güllələndikdən sonra qalanlar onları hara apardıqlarını başa düşdülər və vaqondan artıq əşyasız çıxdılar. Hamısı ləyaqətlə öldü...
Kazacik partiya komitəsinin sədri Kuznetsovun başçılığı ilə bir qrup fəhlə 26 komissarın qalıqlarının basdırıldığı dörd məzarı açanda qarşılarına dəhşətli mənzərə çıxdı. Bir çox meyitin kəlləsi əzilmiş, başları bədənlərindən ayrılmış və ayaqlarının yanında uzanmışdı. Məlum oldu ki, komissarları təkcə güllələməmiş, həm də qılınclarla doğramışdılar.
Qatillər iyirmi altı nəfərin başına gələnlərin həqiqətini də torpağa basdırmağa çalışırdılar. Onlar bu vəhşi cinayətin şahidlərini amansızcasına aradan götürürdülər. Cəlladlar cəsədləri tələm-tələsik basdırıb geri qayıtmağa hazırlaşarkən, yol gözətçisi parovozun yanına yaxınlaşdı. O, qatarın niyə burada dayandığını və üstəlik, nə üçün siqnal işıqlarının yandırılmadığını soruşmaq istəyirdi. Gözətçini dərhal güllələdilər.
İzləri itirmək üçün qətlin təşkilatçıları hətta komissarların Hindistana aparıldığı barədə şayiələr də yayırdılar.
Tanınmış hüquqşünas V.A. Çaykin 1919-cu ildə bir aydan artıq Zakaspi vilayətində olmuş və Bakı komissarlarının öldürülməsi ilə bağlı hadisələrin faktiki hallarını müəyyənləşdirməyə çalışmışdı. O, qətldə iştirakına görə həbs edilmiş Funtikov və Sedıxla görüşmüşdü. Onlar təsdiq etmişdilər ki, güllələnmə Aşqabaddakı İngiltərə missiyasının rəhbəri Tiq Consonla əvvəlcədən əldə edilmiş razılaşma əsasında və general Mallesonun iştirakı ilə həyata keçirilmişdi.
1920-ci ildə Bakıda İnqilabi Hərbi Tribunal Alaniyanı güllələnmə cəzasına məhkum etdi. 1921-ci ilin aprelində Türküstan cəbhəsi Hərbi Tribunalının səyyar iclasında Baklyayev, German, Dolqov, Sedov, Yusupov, Yakovlev və qətldə iştirak edən digər şəxslərin işi araşdırıldı.
“Türkmən” paroxodunun kapitanı və gəmi heyətinin komissarların ingilis işğalçıları və Zakaspi ağqvardiyaçı “hökumətinin” əlinə keçməsinə səbəb olan marşrutu qəsdən dəyişdirməsi ilə bağlı ayrıca cinayət işinə isə Azərbaycan SSR Ali Məhkəməsində baxıldı. Təqsirli şəxslərin hamısı layiqli cəzalarını aldılar.
1925-ci ilin yanvarında Aşağı Volqa diyarının Lyapiçevo xutorunda gizlənən F.A. Funtikov həbs edildi. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Funtikovu doqquz Aşqabad və iyirmi altı Bakı komissarının ölümünə səbəb olmuş terror aktlarının təşkili və həyata keçirilməsində təqsirli bilərək, 1926-cı il aprelin 27-də onu ali cəza tədbirinə – güllələnməyə məhkum etdi.
Ədalət Abdinov


0 Комментарии